Astarada baş verən torpaq sürüşmələri ciddi fəsadlara səbəb olub

Son bir ay ərzində ölkənin cənub bölgəsinə normadan artıq düşən yağıntılar ciddi fəsadlara yol açıb. APA-nın yerli bürosunun məlumatına görə, Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan bir neçə dağətəyi yaşayış məntəqəsi torpaq sürüşmələrinə məruz qalıb. Nəticədə yerli sakinlərin fərdi təsərrüfatlarına, o cümlədən sitrus bağlarına xeyli maddi ziyan dəyib.
 
Ərazinin dağətəyi kəndlərində bir neçə yerdə  torpaq qatı yolların üzərinə tökülərək nəqliyyat vasitələrinin və piyadaların hərəkətini  məhdudlaşdırıb.  Türkoba kənd məktəbinə gedən yol isə tamamilə bağlanıb.  Torpaq sürüşmələrinin qarşısını almaq məqsədilə həmin ərazidə kənd sakinlərinin şəxsi vəsaiti hesabına tikilmiş  istinad divarları gil-palçığın ağırlığına tab gətirə bilmədiyindən, dağılaraq torpağın altında qalıb. Sözü gedən yoldan 500-dən çox məktəbli istifadə edir. Yolun bağlanması səbəbindən indi onlar 3 kilometrlik məsafəni qət etməklə məktəbə getməli olurlar.
 
Rayonun Noyabud kəndində Elman Fərziyevə və Nəcməddin Dadaşova məxsus fərdi yaşayış evlərindən birinin dirəklərini torpaq qatı dağıdıb, dağın yamacında yerləşən digəri evin isə bir hissəsi sürüşmə təhlükəsi ilə üzləşib.
 
Sakinlərin sözlərinə görə, əvvəllər ərazidə torpaq sürüşmələrinə çox nadir hallarda rast gəlinib, lakin son 3 il ərzində isə sürüşmələr getdikcə  aktivləşməkdədir.
 
Sürüşməyə məruz qalan daha bir ərazi rayonun Barzuband kəndindədir.  Təbii fəlakət nəticəsində buradakı köhnə, istifadəsiz məktəb binası demək olar ki, tam sıradan çıxıb, onun yaxınlığında yerləşən kənd sakini Elşən Həkimova məxsus yaşayış evi qəzalı vəziyyətə düşüb.
 
Qeyd edək ki, Deqədi-Pəlekəş avtomobil yolunun Barzuband kəndi ərazisindən keçən hissəsində iri çatlar əmələ gəlib. Torpaq qatı sürüşərək yeni tikilən şosenin lap yaxınlığına qədər uzanıb.
 
Kijəbə bələdiyyəsinin sədri Ağadadaş Qənbərovun sözlərinə görə, mövcud vəziyyət barədə  artıq aidiyyati qurumlar məlumatlandırılıb. /

Google+ WhatsApp ok.ru