Astara gömrüyündə sıxlıq: qadını başlarının üzərindən apardılar - FOTO

Astara gömrük keçid məntəqəsində İrana tərəf getmək istəyənlərin böyük sıxlığı yaranıb.
 
Milli.Az xəbər verir ki, gecə saatlarından etibarən Astara gömrük keçid məntəqəsində böyük sıxlıq yaşanır. Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, hazırda məntəqənin qapıları qarşısında 500-600 adam Azərbaycandan İran tərəfə keçmək istəyir.
 
Onların sözlərinə görə, sıxlığın yaranmasına səbəb isə İrandan siqaret alıb Azərbaycana gətirmək istəyən alverçilərin çoxluğudur:
 
"Alverçilərin əlindən sərhədi keçmək olmur. Çoxu İrana 3 blok siqaret gətirməyə gedir. Gecə saat 3-dən növbə tutublar. Çoxu da ona görədir ki, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri də İrana Biləsuvar postundan yox, buradan getmək üçün axışıblar. Deyirlər, oradan siqaret gətirməyə icazə vermirlər. Siqaretin də blokunu İranda təxminən 3 manata alıb, gətirib burada qutusunu 1 manat 50 qəpiyə satırlar. Xəstəsi olan, iş dalınca gedənlər də məcburən çarəsiz qalıb, gözləyirlər. Elə basabas yaranıb ki, bəzi cavanlar insanların üstündən tullanaraq keçir. Burada çox dəhşətli mənzərə yaranıb. Gömrükçülərdən çıxıb bir söz deyən yoxdur. Amma edə bilərlər ki, onları ayrıca buraxsınlar, digərləri də ayrıca".
 
Məlumata görə, bir neçə dəqiqə öncə, məntəqədə yaranmış basabasda bir qadının halı pisləşərək ürəyi gedib. O qədər sıxlıq yaranıb ki, qadını çıxarıb yardım etmək üçün yol olmayıb. İnsanlar onu camaatın başı üzərindən əllər üstə çıxarıblar.
 
 

Google+ WhatsApp ok.ru