Avqustun 18-də Mərkəzi Bankın qarşısında etiraz aksiyasına cəhd olub

Avqustun 18-də Mərkəzi Bankın qarşısında etiraz aksiyasına cəhd olub

Avqustun 18-də bu il lisenziyası ləğv olunan "AmrahBank"ın əmanətçiləri Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

 
Bankın qarşısına toplaşan əmanətçilərin sözlərinə görə, Konstitusiya Məhkəməsi bu il üç bağlanmış bankla – "AG Bank", "AtaBank" və "NBCBank"la bağlı əmanətçilərin xeyrinə qərarı çıxarsa da, "AmrahBank"la bağlı məhkəməyə müraciət edilməyib. "Biz soruşduq ki, "AmrahBank"la bağlı niyə məhkəməyə müraciət edilməyib, bildirdilər ki, bu bankla bağlı qlobal problem yox idi. Əgər, deyildiyi kimi, "AmrahBank"da problem yoxdursa, hesablarda olan blok niyə açılmır? Bizə dedilər ki, bu üç banka şamil olunan qərar sizə də şamil olunacaq", - şikayətçilər qeyd ediblər.
 
Şikayətçilərin demələrinə görə, avqustun 12-də Əmanətlərin Sığortalanması Fondunun direktoru onlara bildirib ki, ayın 14-də hesablara qoyulmuş blok açılacaq.
 
"Gələn həftə də bizi bir sürpriz gözləsə, təəccüblənmərik"
 
"Amma ayın 14-də açılmadı, hətta dünən də (avqustun 17-si) açılmadı. Dünəndən isə onlar başqa söz danışırlar, növbəti həftəyə bu məsələnin həllini planlaşdırırlar. Halbuki, digər üç bankın əmanətlərinin qaytarılmasına başlayıblar. Gələn həftə də bizi bir sürpriz gözləsə, təəccüblənmərik", - şikayətçilər vurğulayıb.
 
Polis əməkdaşları toplaşanlara ərazini tərk etməyə və Əmanətlərin Sığortalanması Fonduna getməyi məsləhət görüblər.
 
Aksiya insidentsiz başa çatıb. /azadliq.org

Google+ WhatsApp ok.ru