Avropa Parlamenti Azərbaycana sanksiyalar tətbiq etməyə çağırdı

Avropa Parlamentində Azərbaycandakı vəziyyətlə bağlı müzakirələr qətnamənin qəbulu ilə başa çatıb. Qətnaməni Avropa Parlamentindəki bütün siyasi partiyalar dəstəkləyib. Səsverməyə qatılan 365 nəfərin 202-si antiazərbaycan qətnaməyə səs verib.
 
Qətnamədə Azərbaycanda repressiyaların miqyasının artdığı, həbsə atılan jurnalistlərin və hüquq müdafiəçilərinin sayının çoxaldığı bildirilir. Onların dərhal və heç bir şərtsiz azad olunmasına çağırış yer alır.
 
Sənəd həmçinin Avropa Komissiyası ilə üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır.
 
Qəbul olunmuş qətnamənin layihəsini Avropa parlamentinə liberal-demokratlardan ibarət fraksiya (ALDE qrup) hazırlayıb. Son anda sənəd AP-dəki bütün fraksiyalar adından müzakirəyə təqdim edilib.
 
Virtualaz.org saytı xəbər verir ki, qətnamə layihəsinin mətni bu gün Avropa Parlamentinin saytında yerləşdirilmişdi. Layihənin müəllifləri qeyd edirdi ki, sənədi hazırlayarkən Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair əvvəlki qətnamələrini; Avropa İttifaqı, Avropa Komissiyası, Avropa Şurası və s. qurumların rəhbərlərinin bu ölkədəki repressiyalarla bağlı son dövrlərdə verdikləri bəyanatları; həmçinin Leyla və Arif Yunuslar, Xədicə Ismayılovanın barəsindəki hökmə bağlı beynəlxalq rəyləri; Avropa İttifaqı ilə Azərbaycan arasında 1999-cu ildən qüvvəyə minmiş münasibətləri, o cümlədən Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramları çərçivəsində əməkdaşlığı nəzərə alıblar. /
 

Google+ WhatsApp ok.ru