Avstriya paytaxtında ‘düşünən’ işıqforlar quraşdırılacaq

Avstriya paytaxtında ‘düşünən’ işıqforlar quraşdırılacaq

Bu ilin payızından etibarən Avstriyanın paytaxtı Vyana şəhərində “düşünən” işıqforların tətbiqinə başlanılacaq.
 
Maide.Az xəbər verir ki, kameralar və proqram təminatı ilə təchiz olunmuş işıqforlar yaxınlıqda hərəkət edən piyadaların rəftarını analiz edə biləcək. Kompüter proqramı səkkiz metrlik radiusda piyadaların hərəkət istiqaməti, sürəti və yeriş tərzi əsasında işıqforun fəaliyyətini müstəqil şəkildə tənzimləyəcək. Eyni zamanda, piyadaların hərəkətinin gur olduğu saatlarda işıqforlar müvafiq reaksiya verə biləcək. Bununla da avtomobil-piyada hərəkətinin daha yaxşı tənzimlənəcəyinə, sistemin yolu keçmək istəyən piyada olmadıqda avtomobillərin hərəkəti üçün daha çox vaxt ayıracağına, yekunda isə nəqliyyatın hərəkətinin təhlükəsizliyinin artacağına ümid edilir.
 
“Wien Leuchtet” (Vyana işıq saçır) şirkətinin təmsilçisi Harald Bekerti bildirib ki, yeni işıqforlar artıq bir neçə ildən bəridir Vyanada sınaqdan çıxarılır və sistem mütəmadi olaraq inkişaf etdirilir. İntellektual işıqfor sistemi Qrats Universitetinin bir qrup alimi tərəfindən hazırlanıb.
 
H. Bekerti deyib ki, hazırda sistemin yanlış reaksiya göstərməməsi üçün işlər görülür. Belə ki, işıqfora yaxınlaşan insanın yolu keçmək istəməsi və ya sadəcə olaraq onun yanı ilə hərəkət etməsi kompüter proqramı tərəfindən daha dəqiq analiz edilməlidir. Bununla da gələcəkdə müstəqil fəaliyyət göstərməli olan işıqforların nəqliyyatda xaos yaratma ehtimalı aradan qalxmalıdır.
 
Sentyabr ayından başlayaraq şəhərin bir neçə mühüm yol kəsişməsində quraşdırılacaq yeni sistemin sınaq mərhələsindən sonra şəhərin bütün ərazisində tətbiqi nəzərdə tutulur. /azertac /

Google+ WhatsApp ok.ru