Avtobus qəzalarının sayı niyə artıb?

Avtobus qəzalarının sayı niyə artıb?

Ekspert: “Nəqliyyat vasitələrinin sahibi olan şirkətlər özlərini çox rahat, arxayın aparır, sanki məsuliyyət daşımırlar...”

Son bir neçə ayda ölkədə avtobus qəzalarının sayı artmaqdadır. Getdikcə təhlükəli nəqliyyat növünə çevrilməyə başlayan avtobus vasitəsilə baş verən qəzalar təkcə paytaxtda deyil, bölgələrdə də geniş vüsət almaqdadır.
 
Məsələn, ən dəhşətli qəzalardan biri bu il aprel ayının sonunda baş vermişdi. Belə ki, həmin ay Xəzər rayonu ərazisində “Man” markalı 90-JK-826 dövlət nömrə nişanlı yük avtomobili ilə 171 saylı xətt marşrutu üzrə hərəkət edən “Daevoo” markalı 10-TG-909 dövlət nömrə nişanlı sərnişin avtobusu toqquşmuşdu. Hadisə nəticəsində avtobusda olan 29 nəfər xəsarət almışdı.
 
Bu günlərdə isə Ələt-Astara avtomobil yolunda Banqladeş vətəndaşlarından ibarət şirkət işçilərini daşıyan avtobus aşmışdı. Hadisə nəticəsində 3 Banqladeş vətəndaşı ölüb, daha 4-ü, həmçinin bir azərbaycanlı yaralanıb. Təxminən eyni vaxtda paytaxtın Zığ yolunda da sərnişin avtobusunun iştirakı ilə qəza baş verib. Belə ki, fiziki şəxs Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 104 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu evakuator avtomobilini arxadan vurmuşdu. Qəza nəticəsində avtobusda olan 4 sərnişin xəsarət alıb.
 
Bəs avtobus qəzalarının sayının artmasının səbəbi nədir? Bu cür xoşagəlməz halların baş verməməsi üçün qurumlar hansı tədbirlər həyata keçirməlidir?
 
Qeyd edək ki, ekspertlər bunun əsas səbəblərindən biri kimi sürücülərin növbəli iş rejiminə əməl etməməsini görür. Çoxlarına məlumdur ki, uzaq magistral yollarda bəzi sürücülər növbəli iş rejiminə əməl etmədiklərindən sükan arxasında yatırlar. Nəticədə içi sərnişin dolu avtobus qəza törədir ki, bu da çoxsaylı sərnişinlərin həyati təhlükəsi deməkdir. Digər səbəb sürücülərin işə götürülərkən attestasiyadan keçməməsi, onların sağlamlığı və psixoloji vəziyyətlərinin yoxlanılmaması göstərilir.
 
Nəqliyyat eksperti İlqar Hüseynli mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Bu çox aktual problemdir, biz daima bu haqda müzakirələr aparırıq. Avtobus qəzalarının əsas səbəblərindən biri budur ki, sərnişindaşıma ilə məşğul olan şirkətlər sürücülərin qeydiyyatını düzgün həyata keçirmir. İlk növbədə bildiyiniz kimi, çoxoturacaqlı nəqliyyat vasitəsinin idarə olunmasında xüsusi tələblər və kateqoriyalar var ki, sürücülər həmin kateqoriyalara sahib olduğu halda işə götürülməlidir. Çox təəssüflər olsun ki, nəqliyyat vasitəsini azacıq idarə edə bilən sürücülər sərnişindaşıma nəqliyyatına cəlb edilir. Burada sürücülərlə yanaşı, onları işə götürən şirkətlər də məsuliyyət daşıyır. Digər tərəfdən, sürücülərin nəqliyyata çıxması üçün xüsusi sertifikatları olmalıdır. Lakin bu məsələyə də əhəmiyyət verilmir. Xüsusi sertifikata sahib olmaqla yanaşı, sürücü tibbi qeydiyyatdan da keçməlidir”.
 
Ekspertə görə, avtobus qəzalarının ilk səbəblərindən biri də sürücülərin iş rejiminə düzgün əməl etməməsidir: “Bəzən sürücülər fasiləsiz olaraq, istirahət etmədən işləmək məcburiyyətində qalırlar. Biz dəfələrlə bir sürücünün günlərlə nəqliyyat vasitəsini idarə etdiyinin şahidi oluruq. Bu, xüsusən də uzaq bölgələrə yola çıxan avtobus sürücüləri arasında tez-tez baş verir. Halbuki bu hal qanunvericiliyə ziddir. Nəticədə sürücülər gərgin iş rejimində çalışır və qəza törədirlər”.
 
İlqar Hüseynli qeyd etdi ki, bu məsələdə nəqliyyat vasitələrinin sahibi olan şirkətlər də ciddi məsuliyyət daşıyır: “Şirkətlər özlərini çox rahat, arxayın aparırlar. Sanki əhalinin ümumi xidmətinin yüksək səviyyədə təşkil olunmasında məsuliyyət daşımırlar. Nəticədə qəzalar baş verir və yalnız sürücülər cəzalandırılır, şirkət rəhbərləri isə məsuliyyətdən kənarda qalır. Qanuna əsasən, qəza törədən avtobus hansı şirkətə məxsusdursa, qəza zamanı xəsarət alan şəxslərin müalicəsi üçün bütün xərcləri həmin şirkət ödəməlidir. Düşünürəm ki, qəza baş verdiyi zaman nəqliyyat vasitəsinin sahibi olan şirkətlərin üzərinə böyük kompensasiya qoyulmalıdır. Nəticə etibarı ilə şirkət rəhbəri hiss etməlidir ki, hər bir qəza onun üçün böyük maliyyə itkisinə gətirib çıxarda bilər. Belə olan halda baş verən qəzaların da sayı azalmış olar. Yoxsa ki, hazırkı vəziyyət bundan sonra da davam edə bilər”.
 
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin də mövqeyini öyrənməyə çalışsaq da, çoxsaylı zənglərimiz cavabsız qaldı. /musavat.com /
 
 

Google+ WhatsApp ok.ru