Avtobus sürücülüərinə cəza xəbərdarlığı

Avtobus sürücülüərinə cəza xəbərdarlığı

-- Bayram günlərində kim normal işləməsə...

Bayram günlərində sərnişinlərə normal xidmət etməyən sürücü və marşrut sahibləri cəzalanacaq.
 
Sərnişinlər şikayət edir
 
Yeni il bayramı günlərində avtobusların vaxtında xəttə çıxmaması, axşam saat 22:00-dan sonra azlığı, saat 23:00-dan sonra isə ümumiyyətlə "yoxa çıxması"ndan şikayətlənən Bakı sakinləri Milli.Az-a müraciət edərək onları narahat edən bu problemlərin nə vaxt aradan qaldırılacağı, marşrut sahiblərinin və müvafiq dövlət qurumlarının bununla əlaqədar hansı tədbirlər görəcəyi ilə maraqlanırlar:
 
"Yenə də Yeni il bayramı günlərində avtobussuzluq problemi yaşayacağıq? Buna nəzarət edən olacaqmı? Olacaqsa, necə olacaq? Şikayətimiz olsa, hara müraciət edək? Problemin təcili həlli üçün tədbirlər görüləcəkmi? Ümumiyyətlə, onlardan nəsə gözləməyə dəyərmi?! Xalqa, sərnişinlərə qarşı laqeyd yanaşan, onları soyuq havada yollarda qoyan sürücülər və marşrut sahiblərinə qarşı təsirli cəza tədbiri görüləcək, ya yox?!"
 
Dövlət qurumu deyir ki, hər şey yaxşı olacaq.
 
Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə (BNA) sorğu ünvanladıq. Milli.Az-ın sorğusunu cavablandıran BNA-nın İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, bayram tətili günlərində müntəzəm marşrut xətləri üzrə avtobuslar adi günlərdə olduğu kimi sərnişinlərimizə xidmət edəcək:
 
"Əhalinin bayram tətili günlərində rahat şəkildə sərnişin avtobuslarından istifadəsini təmin etmək məqsədi ilə BNA daşıyıcılara məktub ünvanlayıb. Qeyri-iş günləri olmasına baxmayaraq, BNA növbəli sistemdə işini davam etdirəcək və əlbəttə ki, bu günlərdə da marşrut şəbəkəsinə nəzarət təmin ediləcək. Amma adətən, belə bayram tətillərində əhali dincəlmək üçün daha çox şəhərdən kənara getdiyi üçün marşrut şəbəkəsində sərnişin sıxlığı olmur".
 
Problem olanda nə etməli?
M.Ağayev avtobusların axşam vaxtı xətdən daha tez çıxmasına belə münasibət bildirib: "Marşrut avtobuslarının axşam və gecə saatlarında xətdə olması sərnişin təlabatına uyğun tənzimlənir. Əgər hər hansı bir xətt üzrə sərnişin axını olduğu saatlarda avtobusların bazaya geri çağrılması halı olarsa, o zaman sərnişinlərimiz buyurub "141" nömrəli "Çağrı mərkəzi"nə telefonla müraciət edə bilərlər".
 
BNA-dan xəbərdarlıq
Şöbə müdiri əlavə edib ki, yağmurlu, soyuq havalarda normal nəqliyyat xidməti göstərməyən sürücülər və marşrut sahibləri cəzalanacaqlar: "Razıyam, belə hallar olur. Məsələn, keçən il qar yağanda biz belə halla rastlaşmışdıq. O zaman "BakuBus" avtobuslarının köməkliyi ilə sərnişinlərin daşınması təşkil edildi və biz operativ şəkildə "BakuBus" MMC-ə məxsus avtobusları onların istifadəsində olmayan marşrutlar üzrə təcili xəttə çıxartdıq ki, insanlar soyuqda yolda qalmasınlar.
 
Belə hallara yol verən daşıyıcı öz üzərinə düşən sosial məsuliyyəti deyil, yalnız biznes maraqlarını güdür. Bu cür daşıyıcılar isə görülən tədbirlər nəticəsində marşrut şəbəkəsindən kənarlaşdırılır. Hər bir daşıyıcı bilməlidir ki, onun üzərində hər şeydən vacib olan sosial məsuliyyət var və bütün fəaliyyətində bunu rəhbər tutmalıdır!" (milli.az)

Google+ WhatsApp ok.ru