Avtomobil idxalı dayanma nöqtəsinə yaxınlaşır

Əvvəlki illərdə Azərbaycana hər ay 7-8 min avtomobilin gətirildiyi halda, son aylar gətirilən avtomobillərin sayı 2 min ədədə çatmır. Bu əhalinin avtomobil almadığına, rəsmi distiribyutor və dilerlərin də müvafiq olaraq avtomobil satşlarının dəfələrlə azaldığına işarə edir.
 
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin Yanvar-Avqust aylarında (8 ayda) Azərbaycana xaricdən cəmi 21 min 147 ədəd avtomobil idxal olunub. Bu say, ötən ilin eyni dövrü ilə müqayisədə 22 min 129 ədəd və ya 51,1% azdır. Ötən il 8 ayı ərzində Azərbaycana 43 min 276 ədəd avtomobil idxal olunmuşdu.
 
2015-ci ilin Yanvar-Avqust ayları ərzində 686 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 18 min 821 ədəd minik  avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1437  ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 203 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunmuşdur.
 
AYBAAY AZALIR
 
2015-cü ilin Yanvar ayında ölkəmizə 4090 ədəd, Fevral ayında 3421 ədəd, Martda 2524 ədəd, Apreldə 2855 ədəd, Mayda 2605 ədəd, İyunda 2145 ədəd, İyulda 1836 ədəd, Avqustda 1671 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur.
 
İYULDA CƏMİ 1476 ƏDƏD MİNİK AVTOMOBİLİ GƏTİRİLİB
 
Minik avtomobillərinin idxalında vəziyyət daha pisdir, bu avtomobil biznesində tənəzzülün dərinləşdiyinə işarə edir. Belə ki, 2015-ci ilin Yanvar-Avqust aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 20 min 377 ədəd və ya 52% azalaraq 18 min 821  ədədə düşüb.
 
2015-ci ilin Yanvar ayında 3870 ədəd, Fevral ayında 3161 ədəd, Mart ayında 2225 ədəd, Apreldə  2484 ədəd, Mayda 2172 ədəd, İyunda 1833 ədəd, İyul ayında 1600 ədəd, Avqust ayında isə cəmi 1476 ədəd minik avtomobili idxal olunub.
 
YÜK AVTOMOBİLİ İDXALI DƏFƏLƏRLƏ AZALIB
 
Keçən ilin 8 ayı ilə müqayisədə yük avtomobillərin idxalı 2,5 dəfə azalıb. Əgər 2014-cü ilin Yanvar – Avqust aylarında 3575 ədəd yük avtomobili idxal olunmuşdusa, bu ilin 8 ayında cəmi 1437 ədəd yük avtomobili idxal olunub.
 
2014-cü ilin 8 ayında Azərbaycana 203  ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunduğa halda, cari ilin eyni dövründə idxal cəmi 289 ədəd olub.
 
YEGANƏ ARTAN AVTOBUS İDXALIDIR
 
Bu ilin 8 ayı ərzində, ötən ilin eyni dövrü ilə müqayisədə avtobus idxalı 472 ədəd və ya 3,2 dəfə artaraq 686 ədəd təşkil edib. Avtobus idxalının artması “BakuBus”ın avtobuslar alması ilə bağlıdır.
 
NƏ ÜÇÜN AZALIR?
 
Ekspertlər bildirirlər ki, avtomobil idxalının azalması Avro 4 standartına keçid, kreditlərin sərtləşdirilməsi və aksiz vergisinin dərəcələrinin artırılması ilə bağlıdır.
 
Ölkəmizə 2012-ci ildə 101 255 ədəd, 2013-cü ildə isə 104385, 2014-cü ildə 63368 ədəd avtomobil idxal olunmuşdur. Bu il avtomobil idxalının ötən illə müqayisədə təxminən 2 dəfə azalaraq 30 min ədəd civarında olacağı gözlənilir./
 

Google+ WhatsApp ok.ru