Avtomobili rayon qeydiyyatında olanlar nə etməlidir?

Xəbər verildiyi kimi, yol polisi Bakıda rayon qeydiyyatı ilə avtomobil sürən sürücülərə qarşı tədbirlərə başlayıb. Bakıda anadan olmuş şəxslərə də güzəştin olmayacağı və paytaxt qeydiyyatında olmayan nəqliyyat vasitəsinin şəhərdən çıxarılacağı  bildirilir. Lakin Bakıda yaşayan, burada qeydiyyatda olduqlarını əsas gətirən sürücülər bu tələblə razılaşmırlar.

 

Baş Dövlət Yol Polisi Idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Bakıda avtomobil idarə edən şəxslərin nəqliyyat vasitələrini mütləq öz adlarına sənədləşdirməli olduğunu söyləyib. Yəni Bakı sakininin rayon qeydiyyatında olan nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etməsi artıq mümkün olmayacaq. Bir sözlə, maşın kimə məxsusdursa, onu öz adına rəsmiləşdirməlidir və bununla da  Bakı sakininin rayon qeydiyyatı ilə avtomobil idarə etməsi mümkün olmayacaq.

Maraqlıdır, istənilən halda sürücü bu məsələylə bağlı məhkəmə iddiası qaldıra bilər. Görəsən, sözügedən iddianın məhkəmə perspektivi mümkün ola bilərmi?

Hüquqşünas Müzəffər Baxışov söyləyir ki, bu, özlüyündə çox ciddi bir məsələdir. Müzəffər bəy maşın sahiblərinə yaradılan maneəni biabırçı bir olay hesab edərək qadağayla bağlı qərarın ölkə qanunlarına, Konstitusiyaya zidd olduğunu söyləyir:

“Ölkə vətəndaşının heç biri bu qərarı icra etməməlidir və onlara qarşı da konkret bu əsaslara görə hansısa polis işçisi və ya məmur məhdudiyyət qoyursa, sürücülər məhkəməyə müraciət edə bilər. Insan hüquq və azalıqlarının məhdudlaşdırılmasına  xidmət edən bu qərarın heç bir hüquqi əsası yoxdur. Həmin qərar əslində bir komissiyanın qərarıdır və onu heç kim icra etməli deyil.

 

Lakin Azərbaycan hüquqa söykənməyən, özbaşına bir məmləkət olduğu üçün polis işçiləri onlara verilən qanunsuz göstərişləri icra edirlər. Normal bir cəmiyyətdə polis işçilərini belə qanunsuz işləri icra etdiklərinə görə cinayət məsuliyyətinə cəlb edib cəzalandırarlar. Vəzifə səlahiyyətlərini aşdıqları üçün onların bu əməlləri Cinayət Məcəlləsinin 309.1-ci maddəsiylə tənzimlənir. Sürücülərə zor tətbiq edərlərsə, Cinayət Məcəlləsinin 309.2-ci maddəsiylə onlar ən azı 7 ilə qədər  azadlıqdan məhrumetmə cəzasına məhkum oluna bilərlər. Sürücülərə qarşı belə qanunsuz hərəkətlər varsa, onlar polis işçilərinin hərəkətlərindən prokurorluğa müraciət etməlidirlər. Prokurorluq isə bu müraciəti araşdıraraq müvafiq tədbirlər görməlidir”.  azadliq.info /

 

 

Google+ WhatsApp ok.ru