AXCP Əli Kərimlidən alınır

AXCP sədrinin keçmiş müavini Razi Nurullayev və narazı cəbhəçilər avqustun 19-da mətbuat konfransı keçirərək, yeni hərəkata başladıqlarını elan ediblər.
 
R.Nurullayev çıxışında bildirib ki, ölkədə ciddi bir müxalifət problemi var: “Hazırkı müxalifətin formatı heç də nəticəyə gətirib çıxara bilməz. Burada sanki hakimiyyət və müxalifət bir-birinə pas ötürərək iqtidarı indiki komandada  saxlamağa meyllənirlər. Neçə illər bu format dəyişməyib.
 
Ona görə qərara gəldik ki, yeni bir partiyaya ehtiyac yoxdur. Biz AXCP adına iddia edirik və hesab edirik ki, orada olan bütün cəbhəçiləri də öz ətrafımıza gətirə biləcəyik. Artıq bununla bağlı danışıqlar olub. Əli Kərimli ya sədrlikdən gedəcək, sıravi üzv olaraq qalacaq, ya biz təmsilçilik uğrunda mübarizə aparacağıq. Təmsilçiliyin bizə verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Ondan bir möhürü almaq lazım gələcək. Bu, bütün cəbhəçilərin fikridir”. 
“Əli Kərimli hakimiyyətlə bir yerdə Azərbaycan demokratiyasını boğub” - deyə, Razi Nurullayev bildirib.
 
O vurğulayıb ki, Ə.Kərimli AXCP-də dözülməz diktatura rejimi yaradıb: “Faktiki olaraq hakimiyyətin sifarişlərini yerinə yetirən Əli Kərimli partiyada dözülməz, diktator rejimi yaradıb. Biz cəbhəçilər çağırış edirik ki, Əli Kərimli və onun tərəfdarları partiyadan getsin. Və partiya yenidən demokratik düşüncəli insanlarla qurulsun. Hakimiyyət Əli Kərimlini müdafiə etsə də biz əlimizdən gələn hər şeyi edəcəyik ki, o, partiyadan getsin. Azərbaycanda demokratiyanın boğulmasında hakimiyyətlə bir yerdə Əli Kərimli də təqsirkardır. Və biz bu vəziyyəti dəyişməyə çalışacağıq”.
 
“Əli Kərimliyə qarşı mübarizədə ”Azadlıq" qəzetini də öz tərəfimizə çəkməyə çalışacağıq".
 
Bu fikirləri azvision.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsinin rəhbəri Razi Nurullayev deyib. O bildirib ki, bununla bağlı “Azadlıq” qəzetinə müraciət ünvanlayacaqlar: “Biz istəyirik ki, ”Azadlıq" qəzeti də ayılsın. Qoy onlar da bilsinlər ki, Əli Kərimliyə yox, xalqa xidmət etmək lazımdır. Ona görə, bu qəzet müstəqil olmalıdır. Bu qəzet Əli Kərimlinin əsarətindən çıxsa, yaxşı olar. Ancaq qərar onlarındır".
 
R.Nurullayev deyib ki, yaxın vaxtlarda yeni AXCP-nin rəsmi qəzeti nəşrə başlayacaq: “Biz yaxın günlərdə ”Cümhuriyyət" qəzetini buraxmağa başlayacağıq. Bu qəzet bizim rəsmi orqanımız olacaq. Qəzetin baş redaktoru Rəfail Becanov olacaq. Qeyd edim ki, qəzetin internet səhifəsi də olacaq. Eyni zamanda AXCP-nin yeni formatda internet səhifəsini də yaradacağıq".
 
Keçmiş cəbhəçi Ehtiram Mehdiyev isə narazı cəbhəçilərin bəyanatını səsləndirib. 
Bəyanatda deyilir: “Biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və alternativ fikrin rədd edilməsi, üzvlərin  təzyiqə məruz qalması, partiya sıralarından ləkələnərək uzaqlaşdrılmasına etiraz əlaməti olaraq bir araya gəlir və  uzun illər uğrunda mübarizə apardığımız  əsl AXCP-ni bərqərar edirik. Bizi zor gücünə partiyadan uzaqlaşdırmaq və bir şəxsin əsassız ambisiyalarının qurbanı etmək olmaz. Çünki biz bu partiya və bu amal üçün bütün şüurlu həyatımızı həsr etmiş və cəbhəçi kimi ən ağır məhrumiyyətlərə düçar olmuşuq. Vətəni, milləti sevmək kimi şərəfli bir həyat yolu keçən cəbhəçiləri indi kimsə öz şəxsi maraqlarını həyata keçirmək üçün müxtəlif yollarla partiyadan xaric edir. Həmin şəxslər haqsız və alçaqcasına  ləkələnir.  Onların təmənnasız və fədakar mübarizə yollarına kölgə salınır. Artıq bütün bu rəzalətə dözmək və bunları sadəcə müşahidə etmək mümkün deyildir. Buna imkan vermək də onların dəyirmanına su tökməkdir. Son çıxış yolumuz hakimiyyətə sərf edən oyunlarla gündəmdə qalan və bir nəfərə qulluq edən AXCP-ni əsl və səmimi sahiblərinə qaytarmaqdır. Güclü müxalifət olmadan polis rejimi yaradan və repressiyalar yağdıran iqtidarı hakimiyyətdən uzaqlaşdırmaq mümkün deyil”. 
 
Bəyanat müəllifləri qeyd edirlər ki, məqsədləri qovulanları partiyaya qaytarmaqdır: “Bizim  məqsədimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasını sağlamlaşdırmaq və orada daxili demokratiyanı bərpa etmək, indiyə kimi oradan qanunsuz və əsassız qovulanların və ləkələnənlərin hüquqlarını bərpa edib partiyaya qaytarmaqdır. Biz heç də ikinci AXCP yaratmırıq. Əsl cəbhəçilərin bu AXCP-də toplanacağına əminik. Hər kəsi - hüququ pozulanları, qanunsuz və mənəviyyatsızcasına ləkələnənləri, Elçibəy və Rəsulzadə ideyalarının daşıyıcılarını sıralarımıza dəvət edirik. Biz əsl AXCP-ni qaytaracağıq. Biz birbaşa olaraq Əli Kərimlinin diktəsi və istəyi ilə qanunsuz olaraq partiyadan uzaqlaşdırılmışıq. Hüquqlarımızı bərpa edib partiyaya dönəcəyik. O zaman artıq iki AXCP-yə ehtiyac qalmayacaq. Bu zaman Əbülfəz Elçibəyin də ruhu şad olacaq. Biz partiyanı parçalamaq istəmədik. Biz adımızı dəyişdirib onlarla partiyanın sıralarına qoşulmaq istəmədik. AXCP var, sadəcə, o qəsb edilib, idarəetmədən narazı olanlar və etiraz edənlər zorakı şəkildə oradan uzaqlaşdırılır. Buna son qoyulmalıdır və biz buna sizlərlə birlikdə son qoyacağıq. Partiya könüllü şəkildə toplumun birləşdiyi bir qurumdur. Partiya kiminsə inhisarında olan məhdud məsuliyyətli cəmiyyət deyil. Bundan sonra daha heç kim partiyanı özünün şəxsi firması kimi idarə edə bilməz. İstədiyi adamı partiyadan qovmaqda sərbəst ola bilməz. Bu tip adamların partiyanı uçuruma da aparmağa nə hüquqi, nə də mənəvi haqqı çatır. 
 
AXCP-nin bütövlüyünü qorumaq üçün, xalqımızın rifahı üçün yaranmış vəziyyətdən iqtidarın istifadə etməsinə imkan verməyək. Bu gün hakimiyyət maraqlıdır ki, müxalifət parçalansın, dağılsın və idarə olunan hala düşsün. AXCP-nin rəhbərliyində  Əli Kərimlinin və əlaltılarının olması  bu antimilli hakimiyyətin siyasətinə və marağına tam cavab verir. İllərimiz itir, gənclərimiz küçələrdə qocalır və həbsxanalarda həyatları məhv olur, lakin Əli Kərimlinin övladları xaricdə bahalı universitetlərdə təhsil alır və dəbdəbəli həyat yaşayırlar. Polis dəyənəyi altında mübarizəyə atılan gəncliyin isə maraqları şəxsi maraqlara görə qurban verilir və satılır. Əziyyətlərimiz heç, ümidlərimiz puç olur. Nəticədə xalqın etimadını itiririk. Əli Kərimli və onun bir qrup əlaltısı isə hakimiyyətlə min bir oyuna gedərək şəxsi maraqlarını təmin edir və yalançı müxalifət obrazı yaradır. Bu azmış kimi, Əli Kərimli bəzi xarici qüvvələrin əlində oyuncağa çevrilərək milli və partiya maraqlarını da vicdansızcasına satmaqla məşğuldur. Bu kimi şəxslər uzun müddət səmimi cəbhəçiləri aldatmış və bununla da xalqa və ümumi dəyərlərimizə  xəyanət etmişlər. Bizim hakimiyyətin bizdən istifadə etməməsi və sıralarımıza nifaq salmaması üçün elan etdiyimiz Azərbaycan Xalq Cəbhəsi Partiyası qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət  etməyəcək. Çünki biz düşünürük ki, bu, ümummüxalifətin mənafeyinə zidd hərəkət olar. Biz çıxış yolunu da irəli sürürük. Birincisi, qoy bütün cəbhəçilər aparılan siyasətə etiraz olaraq burada elan etdiyimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasında birləşsinlər.  
 
Onun sıralarında  20 ildən çox xalqın qanını soran  korrupsioner və polis rejimi quran hakimiyyətlə mübarizələrini prinsipial və ağıllı üsullarla davam etdirsinlər. Biz indiyə qədər əzilmiş və haqqı pozulmuş vətəndaşların haqlarının bərpa edilməsi üçün qanunun imkan verdiyi ən sərt və barışmaz yolla mübarizə aparacaq və AXCP-ni iqtidar partiyası edəcəyik. Ləyaqətli və xalqa xidmət edən hakimiyyətin qurulması cəbhəçilərin və Azərbaycan xalqının təbii haqqıdır. Hesab edirik ki, bütün cəbhəçilərin  iştirakı ilə  etimad qurultayı çağırılmalı, əsl AXCP-nin qayəsi və mahiyyəti özünə qaytarılmalı, partiya yenidən təşkil olunaraq özünə yeni rəhbərlik seçməlidir. Bununla bərabər, AXCP-nin nizamnaməsi dəyişdirilməlidir. Sədrin sərhədsiz səlahiyyətləri məhdudlaşdırılmalı və seçkili orqanların səlahiyyətləri artırılmalıdır. Əlavə olaraq, sədrlik müddəti iki dəfəyə məhdudlaşdırılmalıdır. Bu demokratiyanın tələbidir. Biz inanırıq ki, cəbhəçilərin birliyi və səyi ilə  AXCP-ni əsl sahiblərinə qaytaracaq, müxalifətin birliyi üçün çalışacaq və sizlərin uzun müddət yorulmadan mübarizə apardığınız idealların və arzuların həyata keçməsinə  nail olacağıq”. 
 
Rafiq Daşdəmirli, Səbuhi Əliyev və digərləri də partiyadaxili intriqalardan danışıblar. Onlar indiki sədr Əli Kərimlinin legitimliyini əlindən almaqda israrlı olduqlarını vurğulayıblar. Razi Nurullayev isə qeyd edib ki, zorla partiyadan uzaqlaşdırılanlar və uzaqlaşanların mövqeyi loyal olmayacaq: “Mövqeyimiz radikallıqdan fərqlənməyəcək. Biz bilirik ki, Azərbaycanda hakimiyyət  qəsb olunub”.
 
Tədbirdə keçmiş cəbhəçilərdən Rafiq Daşdəmirli, Səbuhi Əliyev, Ehtiram Mehdiyev, Rəfael Becanov, Vəli Xramçaylı, Cavid Musazadə, Ələddin Kəsəmənli, Teymur Kərim, Fəxri Abduləzimov və başqaları iştirak ediblər. musavat /
 
 





Google+ WhatsApp ok.ru