Ayrılan milyonlar və dəyişilməyən liftlər

Ayrılan milyonlar və dəyişilməyən liftlər

"Novoye Vremya" qəzetində isə "Təhlükəsiz liftin belə təhlükəsi" sərlövhəli məqaləyə yer verilib.
 
Yazıda bildirilir ki, dünyada ən təhlükəsiz nəqliyyat lift sayılır. Amma müəllifin fikrincə, son vaxtlar lift sistemi Bakıda bu statusu itirməkdədir: "Aprel ayında liftlərin şaxtalara düşməsi nəticəsində iki nəfərin həlak olması, 11 nəfərin xəsarət alması haqda informasiyalar yayıldı. Bütünlükdə isə lift təsərrüfatı Bakının aktual problemlərindən bir olaraq qalmaqda davam edir. Bu ona görə təəccüb doğurur ki, dövlət orqanlarının liftlərin yenilənməsi ilə bağlı xərcləri artır. İldə ölkəyə min 300 ədəd lift gətirilir. 2013-cü ildə isə ən çox, 2 min 711 ədəd lift gətirilib".
 
Müəllif hesab edir ki, Bakıya bu qədər çox sayda lift gətirilməsinin səbəbi aydındır. Paytaxtdakı liftlərin 50 faizindən çoxu yararsız haldadır.
 
Yazıda vurğulanır ki, liftlərin təmiri bəzən keyfiyyətli aparılmır. Çox zaman isə təmir işləri sakinlərin hesabına görülür.
 
Müəllif Hesablama Palatasının məlumatlarına əsasən yazır ki, ölkədə istifadə edilən liftlərin ancaq 20.5 faizinin istifadə müddəti 5 ildən aşağıdır.
 
Yazıda vurğulanır ki, son illər yeni liftlərin alınması və təmirinə milyonlarla pul xərclənib.
 
Müəllif hesab edir ki, böyük pulların sərf olunmasına baxmayaraq, vəziyyət dəyişməyib. Bu isə milyonların xərclənməsində şəffaflıq mövzusunu gündəmə daşıyır. /

Google+ WhatsApp ok.ru