Azərbaycanda yaradıcı təşkilatların fəaliyyəti yeni qanunla tənzimlənəcək

Azərbaycanda yaradıcı təşkilatların və şəxslərin fəaliyyəti ayrıca qanunla tənzimlənəcək. Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Məlumata görə, hazırda komitədə "Yaradıcı təşkilatlar və yaradıcı şəxslər haqqında" qanun layihəsi üzərində iş gedir.

Qeyd olunub ki, bu, Azərbaycanda yeni bir qanun layihəsidir:

"Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da yaradıcı təşkilatlar, o cümlədən Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı, Teatr Xadimləri İttifaqı və s. kimi təşkilatlar var. Yaradıcı təşkilatların fəaliyyəti həm də "Qeyri-hökumət təşkilatları haqqında" qanunla tənzimlənir, amma QHT-lərin fəaliyyəti çoxistiqamətlidir. Yaradıcı təşkilatlar isə bədii yaradıcılıqla məşğul olan və Azərbaycan mədəniyyətini dünyada, eləcə də ölkədə təmsil edən təşkilatdır".

Bildirilib ki, bu gün yaradıcı qurumlara və insanlara həm cəmiyyətdə, həm də hökumətdə xüsusi hörmət var, amma bu münasibətlərin qanunla qaydaya salınması da məqsədəuyğundur. Qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirə olunması planlaşdırılır.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclasının sentyabrın 30-da keçirilməsi nəzərdə tutulur./

Google+ WhatsApp ok.ru