Azərbaycanın hava məkanında Ermənistan ordusunun hərbi helikopteri vurulub (ƏLAVƏ OLUNUB)

MN: Ermənistanın mövqelərimizə hücum edən Mİ-24 tipli helikopteri vurulub

Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər.

Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

******

Ermənistan ordusunun hərbi helikopteri Azərbaycanın hava məkanını pozduğu üçün Azərbaycan Silahlı Qüvvələri (SQ) tərəfindən vurulub.

Hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnikası tərəfindən Azərbaycanın hava məkanında Ermənistan SQ-yə məxsus helikopter vurulub.

Əraziyə Azərbaycan Silahlı Qüvvələrinin texnikası və şəxsi heyəti cəlb olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər və bildiriblər ki, bununla bağlı rəsmi açıqlama veriləcək.

 

Google+ WhatsApp ok.ru