Azərbaycan və İran müştərək jurnal nəşr edəcəklər

Azərbaycan və İran müştərək jurnal nəşr edəcəklər. Bunu İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahimi Türkman Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Ə.İ.Türkman bildirib ki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovla görüşündə fars dili və ədəbiyyatı haqqında müştərək jurnalın nəşr olunması məsələsi müzakirə edildi: "Jurnalda İranın fars dili ədəbiyyatı müəllimləri və Bakı Dövlət Universitetinin fars dili müəllimlərinin məqalələri dərc olunacaq".

Onun sözlərinə görə, Azərbaycanın zənginliyi neft və qaz deyil, onun böyük mədəniyyətidir: "Bu böyük mədəniyyət bizə ata-babalarımızın zəhməti ilə gəlib çatıb və biz bunu gücləndirib gələcək nəsillərimizə çatdırmalıyıq. Azərbaycanlılar İran xalqının gözündə böyük millətdir. Biz iki qonşu ölkəyik. Allah heç kəsə yaman gün göstərməsin, biz yaman günlərin qardaşı, dostuyuq və bir-birimizə dayağıq".

Ə.İ.Türkman qeyd edib ki, Azərbaycan-İran əməkdaşlığının gələcəyi işıqlıdır: "Biz bu işıqlığa doğru getməliyik və qoymamalıyıq ki, şeytanlar iki xalq arasında ayrılıq salsın".

O bildirib ki, İslami Əlaqələr və Mədəniyyət Təşkilatının 60 ölkədə 80 mədəniyyət mərkəzi fəaliyyət göstərir: "Həmin ölkələrin ən önəmlisi qonşumuz, qardaşımız Azərbaycandır. Biz bu əlaqəni daha da inkişaf etdirmək, tərcümə sahəsində, ədəbiyyat sahəsində əməkdaşlığımızı genişləndirmək istəyirik. Azərbaycan ədəbiyyatı zəngindir və bu sahədə də əməkdaşlıqda maraqlıyıq".

Təşkilat rəhbəri deyib ki, 2015-ci ildə İranda Azərbaycan, 2016-cı ildə isə Azərbaycanda İran mədəniyyəti günləri keçiriləcək: "Lavaş məsələsində Azərbaycanla sözümüz birdir. Bu bizim müştərək irsimizdir".

Azərbaycanın işğal olunmuş ərazilərində tarixi-dini abidlərin, o cümlədən məscidlərin sökülməsi və məscidlərə qarşı hörmətsizliklə bağlı Ə.İ.Türkman bildirib ki, dünyanın hər hansı yerində bir məscid dağıdılsa, ona etiraz etməliyik: "Heç kəsin bunu etməyə haqqı yoxdur və bu kimi halları tənqid edirik".

Google+ WhatsApp ok.ru