Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon abunəçisi düşür

Ötən il Azərbaycanda ölkə üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,65-ə, hər 100 ailəyə düşən telefon aparatlarının sayı isə 69-a, hər 100 nəfərə düşən mobil abunəçilərin sayı isə 110-a bərabər olub.
 
Bunu yanvarın 17-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasında nazir Əli Abbasov bildirib.
 
“APA-Economics”in məlumatına görə, nazir deyib ki,2014-cü il ərzində Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümumdünya orta göstəricisini 18%, mobil abunəçilərin sayına görə isə 15,2% üstələyir.
 
Nazir bildirib ki, 2013-cü illə müqayisədə beynəlxalq internet kanallarının tutumu 50 Gbit/s artırılaraq 300 Gb/s-ə çatdırılıb: “Bu, ölkədə əhalinin internet xidmətlərindən istifadəsinin artmasının göstəricisidir. Hazırda ölkə əhalisinin 73%-i internet, 55%-i isə genişzolaqlı xidmət istifadəçidir. Hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır”.
 
Ə. Abbasov qeyd edib ki, 2014-cü il ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 119 mln. dəqiqə azalaraq 399,7 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 30,0 mln. dəqiqə azalaraq 127,6 mln. dəqiqə təşkil edib.
 
Bu ilin birinci yarısında Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq.
 
Bunu deyən nazir bildirib ki, “Ölkədə rəqəmli televiziyaların əhatə dairəsi 99%-ə çatdırılıb ki, bu da MDB ölkələri arasında Azərbaycanın ön sıralarda olmasına imkan yaradıb”. 
 
2014-cü il ərzində ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə 26-sı rəqəmli verici olmaqla 41müxtəlif təyinatlı radio-TV avadanlıqları istismara verilib. /

Google+ WhatsApp ok.ru