Azərbaycanda hepatitlə bağlı acınacaqlı vəziyyət

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada Hepatit B Virusundan 2 milyondan yuxarı insan ölür.
Proqnoza əsasən, yaxın 10-20 ildə hepatitlər üzündən qaraciyər serrozu 60 faiz, qaraciyər xərçəngi 68 faiz, qaraciyər mənşəli digər xəstəliklərdən ölüm halları isə iki dəfə artacaq.
HBV daha çox qaraciyər xərcənginə, Hepatit C Virusu isə serroza gətirib çıxarır. Serrozun yeganə effektiv müalicə yolu qaraciyər transplantasiyasıdır. Bu prosedurun dəyəri dünyada 100-150 min dollar aralığında dəyişir.
Bəs Azərbaycanda Hepatit virusu geniş yayılıbmı? Bu virusa yoluxmuş xəstələr hansı problemlərlə qarşılaşırlar?
Dövlət orqanının sözçüsü "problem böyük deyil" deyir. “Kommisiya yaradılıb və xəstələr pulsuz dərmanla təmin edilir”, Səhiyyə Nazirliyindən BBC Azərbaycancaya danşan rəsmi deyir.
Araşdırmaçılar isə əks fikirdədir. Deyirlər ki, diqqətli olmasan, hər an bu virusa yoluxmaq mümkündür.
Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, 2009-cu ildə ölkədə 465 nəfər HBV, 339 nəfər HCV-yə yoluxma faktı qeydə alınıb. 2010-cu ilin 11 ayında isə bu rəqəmlər müvafiq olaraq 333 və 199 nəfər təşkil edib.
Lakin “Azərbaycan təbabətinin müasir nailiyyətləri” adlı jurnalda verilən məlumata əsasən, 2000-2009-cu illərdə Bakı və Naxçıvanda bu və ya digər xəstəliklərə görə qanları analiz olunan, həmçinin könüllü qan verən 18-60 yaş qrupuna daxil olan 50 min nəfərdən çox şəxsin orta hesabla 3,5 faizinin HBV, 4,5 faizinin isə HCV-yə yoluxduğu aşkarlanıb.
Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi və “Ekspert” iqtisad jurnalı 2011-ci ildə apardığı araşdırma zamanı bu iki məlumatı müqayisə edib: "Nəzərə alsaq ki, bu yaş qrupu ölkə əhalisinin üçdə ikisini təşkil edir, o zaman ölkə üzrə təxminən 450 min nəfərdən çox 18-60 yaşlı insanın təhlükəli viruslara yoluxduğunu söyləmək olar. Digər yaş qrupları ilə birlikdə isə bu göstərici daha yüksəkdir. Halbuki rəsmi statistik məlumatlar bundan dəfələrlə aşağı bir rəqəm üzərində qurulur. Bu səbəbdən rəsmi strukturlardan kənarda bütün mənbələr rəsmi statistikanın real vəziyyəti əks etdirmədiyi qənaətindədir. Hətta bəzi qeyri-hökumət təşkilatları Azərbaycanda 750 min nəfərin HBV və HCV-yə yoluxduğunu qeyd edirlər”, sənəddə deyilir.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-ci ildə Hepatitli viruslara yoluxmuş 2381 insan olubsa, bu rəqəm 2009-cu ildə 1861, 2011-də 780, 2012-də 665, 2013-cü ildə isə 524 olub.
Araşdırmada deyilir ki, Azərbaycanda HBV və HCV-yə yoluxma faktlarının dəqiq uçotu aparılmır.
“Səhiyyə Nazirliyinin təlimatına əsasən bu viruslarla bağlı analizləri aparan bütün xəstəxanalar aşkarlanmış faktlar barədə nazirliyə məlumat verməlidirlər. Lakin faktiki olaraq bu təlimata əməl olunma səviyyəsi çox aşağıdır.
Belə ki, dövlət xəstəxanalarında hepatitlərə yalnız əməliyyat olunan xəstələr yoxlanılır və nəticələr qeydə alınır. Digər tərəfdən, keyfiyyət amili üzündən insanlar belə analizləri özəl klinikalarda verməyi üstün tuturlar. Bundan əlavə, dövlət xəstəxanalarında digər qruplardan götürülən analizlərin heç də hamısı qeydiyyata alınmır. Özəl klinikalarda isə vergidənyayınma məqsədilə aparılan bütün növ analizlərlə bağlı məlumatların gizlədilməsi halları geniş yayılıb”.
Səhiyyə Nazirliyinin rəsmisi Azərbaycanda bu xəstəlik haqqında məlumatları "şişirtməyə gərək olmadığını" deyir. Onun sözlərinə görə, bu xəbərlər şaiyədir.
“18-60 yaş qrupunda 2 faizdən az insan Hepatit B virusuna, 3 faizi isə Hepatit C virusuna yoluxub. Bu o qədər də böyük rəqəm deyil. Göstəricilər qonşu ölkələrdən aşağıdır”.
Adının çəkilməsini istəməyən rəsmiyə görə, Səhiyyə Nazirliyinin nəzdində yaradılmış komisiyaya 1500 adam müraciət edib. "Və ehtiyacı olan bütün xəstələrə pulsuz dərman verilir".
Ancaq qardaşınını hepatit C virusuna yoluxduğunu deyən və BBC Azərbaycancaya danışan qadın deyir ki, pulsuz dərmanların əldə edilməsi üçün uzun müddətli növbə gözləmək lazımdır.azadliq.info/

Google+ WhatsApp ok.ru