Azərbaycanda uşaqları cinayətkara çevirən səbəblər nədir?

Xəbər vermişdik ki, Azərbaycanda cinayət törətmiş şəxslərin ümumi sayında qəsdən sağlamlığa ağır zərərvurma və soyğunçuluq növləri üzrə cinayət törədən 14-18 yaşlı uşaqların xüsusi çəkisi artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə cinayət törətmiş şəxslərin ümumi sayında qəsdən sağlamlığa ağır zərərvurma növü üzrə cinayət törədən 14-18 yaşlı uşaqların xüsusi çəkisi 8 faiz idisə, 2014-cü ildə bu rəqəm 12,3 faiz olub.
Görəsən, ölkəmizdə uşaq cinayətlərinin sayı niyə bu qədər artıb? Uşaqları cinayətkara çevirən əsas səbəblərlər hansılardır?
Uşaq Hüquqları Liqasının rəhbəri Yusif Bəkirov deyir ki, uşaq cinayətlərinin artması birbaşa insanların sosial həyat tərzilə bağlıdır. Ekspertin sözlərinə görə, sosial vəziyyət ağır olduğu üçün yeniyetmə uşaqlar cinayətlərə sürüklənir:
“Ailədə, evdə, bir sözlə, hər yerdə sosial vəziyyət ağırlaşdıqca, uşaqların cinayətə sürüklənməsi hallarına gətirib çıxarır. Problemin dərinləşməsi başlıca səbəbi ailələrin, uşaqların özlərinin sosial durumunun çox acınacaqlı vəziyyətdə olmasıdır”.
Yusif Bəkirov cinayətlərin artmasının digər səbəbini ölkənin təhsil sisteminin bərbad vəziyyətdə olmasında görür. Təşkilat rəhbəri Azərbaycanda təhsilin faktiki pullu olduğuna diqqət çəkərək, bütün uşaqların maddi durumunun buna imkan vermədiyini vurğulayır: “Hamı bilir ki, ali məktəbə qəbul olmaq üçün şagird mütləq repetitorla hazırlaşmalıdır. Hər ailənin isə buna maddi imkanı, gücü çatmır. Valideynlər müəllim yanına göndərə bilmədikləri üçün uşaqlarını özbaşına buraxırlar. Sosial vəziyyətin ağırlığı və təhsilsizlik cinayətlərə gətirib çıxarır. Uşaq görür ki, hər şeyi pul həll edir. ”Süpürgə pulu", “fond pulu” və s. xərclərə baxanda uşaq oxumağı deyil, hardansa pul qazanmağı düşünür. Belə bir atmosferdə uşağın cinayət aləminə meyllənməsi tam təbiidir".azadliq/

Google+ WhatsApp ok.ru