Azərbaycan hökuməti Avropa İttifaqını hədələdi

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard ilə görüşüb.
 
Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr, sənaye, sənaye məhəllələri, qeyri-neft ixracı, regionların inkişafı, kənd təsərrüfatı sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, 2016-cı ildə Avropa İttifaqı-Azərbaycan biznes forumunun keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
 
Görüşdə nazir Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycanla bağlı qəbul etdiyi qətnaməya hökumətin etirazını da çatdırıb. Ş.Mustafayev qətnaməni “anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı növbəti təxribatçı addımı” adlandırıb və bunun Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ciddi zərbə olduğunu deyib. Nazir bildirib ki, Avropa İttifaqı Parlamentinin bu addımı cavabsız qalmayacaq.
 
Malena Mard qətnamə ilə bağlı səsləndirilmiş bu mövqeyi Avropa Komissiyasına çatdıracağını bildirib. /
 

Google+ WhatsApp ok.ru