Azərbaycanda benzinin qiyməti dəyişəcək? -Yenilənib

*üçüncü abzasdan sonra əlavə olunub 
 
Azərbaycanda benzinin qiymətinin dəyişməsi məsələsi gündəmdə deyil.
 
Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
 
Apa-nın məlumatına görə, "Azərbaycanda benzinin qiyməti neftin 60-62 dollar qiyməti əsasında hesablanıb. Mən əvvəl də demişəm, indi də deyirəm ki, neftin qiymətinin Azərbaycandakı benzinin qiymətinə heç bir təsiri yoxdur. Bunlar bir-birinə bağlı deyil. Bu qiymətləri Tarif Şurası tənzimləyir. Bir daha deyirəm ki, dünya bazarında neftin qiymətinin düşməsi benzinin qiyməti ilə heç bir bağlılığı yoxdur", - deyə R. Abdullayev bildirib.
 
SOCAR prezidenti deyib ki, ölkəyə xaricdən gətirilən Aİ-95 və Aİ-98 markalı benzinin həcmi olduqca azdır. "Bu rəqəm o qədər azdır ki, 7 ay bundan öncə ölkəyə gətirilən 25 min ton Aİ-95 markalı benzin indiyə qədər satılmayıb. Aİ-95 markalı benzini biz özümüz istehsal edəndə ildə 150 min ton benzin satırdıq. Biz bu növ yanacağın istehsalını saxlayıb xaricdən gətirməyə başlayanda, hər kəs Aİ-92 benzinini istifadə etməyə başladı. Bu gün Aİ-95 markalı benzinin istifadəsi ildə 25 min ton səviyyəsinə gəlib çıxıb. Bu yanacağın istehlakı 4 dəfə azalıb və bu onu göstərir ki, insanlar artıq Aİ-95 benzinin istehlak etmirlər", - deyə o qeyd edib.
 
R. Abdullayev gələcəkdə Aİ-95 və Aİ-98 benzinin qiymətinin dəyişəcəyini istisna etməyib: "Aİ-95 və Aİ-98 benzinin qiymətində dəyişmə ola bilər. Tələbat artdıqca, qiymət aşağı düşəcək. Bu, açıq bazardır və burada rəqabət var".
 
Son bir neçə aydır ki, dünya bazarında neftin qiyməti xeyli ucuzlaşıb. Bunun nəticəsində bir çox ölkələrdə benzinin qiymətində azalmalar var. Ölkəmizə xaricdən alınan “Premium” benzinin (Avro 95) qiymətində isə azalma yoxdur./

Google+ WhatsApp ok.ru