Azərbaycanlı fəhlələr Qazaxıstanda tətil edib aksiya keçirdi

Azərbaycanın EVRASCON tikinti şirkətinin Qazaxıstanda körpü tikintisində çalışan azərbaycanlı fəhlələri 4 gün tətil edərək etiraz aksiyası keçiriblər.
 
Sentyabrın 14-dən 17-dək davam edən tətilə Atrau şəhərinin Məhəbbət rayonunda işləyən 90 nəfər, Almatıdan isə 180 azərbaycanlı fəhlə qoşulub.
 
Etirazçıların əsas iki tələbi olub: 4 aydır verilməyən əmək haqlarının ödənilməsi və əmək haqlarının vəd olunan məbləğdə verilməsi. Belə ki, fəhlələr Qazaxıstana aparılarkən onlara 1200 manat əməkhaqqı vəd olunsa da bu məbləğ sonradan 1000 manata endirilib.
 
Tətilə qoşulan fəhlələr bildirib ki, sentyabrın 17-də may ayının əməkhaqqı ödənildiyi üçün işə qayıdıblar. Amma aldadılmış fəhlələrin bir çoxu artıq Azərbaycana qayıtmaq üzrədir. Çünki şirkətdə məvacib problemi artıq xroniki hal alıb. Belə ki, fəhlələr bu il iyulun 29-da aprel ayının maaşını alıblar.
 
Bu gün isə şirkət maliyyə çətinliklərini əsas gətirərək 50 nəfəri işdən azad edib.
 
Azərbaycana qayıdan fəhlələrin nümayəndələri düşdükləri ağır vəziyyətlə bağlı bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinə gedərək rəsmi qəbulda olub və şikayətlərini təqdim ediblər. Əmək Müfəttişliyindən bildirlib ki, fəhlələrin problemi öyrəniləcək və yaxın günlərdə rəsmi münasibət bildiriləcək.
 
Qeyd edək ki, EVRASCON şirkəti baş nazirin müavini Abid Şərifovun qardaşına məxsusdur.  Virtualaz.org /

Google+ WhatsApp ok.ru