`Azəriqaz`: Nardaranda 500-dən çox ev qazla təchiz olunub

“Dekabrın 12-dən Bakının Nardaran qəsəbəsinə təbii qazın verilişi bərpa edilib”.
 
Bunu açıqlamasında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələrlə şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.
 
Onun sözlərinə görə, “Azəriqaz”ın əməkdaşları tərəfindən Nardaran qəsəbəsində texniki baxış keçirilən, müqaviləsi yenilənən və sayğac quraşdırılan mənzillərə təbii qazın verilişi dekabrın 12-dən bərpa edilib: “Təxminən 500-dən çox abunəçi təbii qazla təmin olunub”.
 
İ. Kərbəlayev qeyd edib ki, qəsəbənin digər küçələrinə də qaz verilişi mərhələli şəkildə həyata keçiriləcək: “Hazırda digər küçələrdə qaz xətlərinin üzərində qeyri-qanuni birləşmələr əməkdaşlarımız tərəfindən ləğv olunur, mənzillərə texniki baxışlar keçirilir. Həmin təmizləmə işləri bitdikdə, abunəçilərlə yeni müqavilə bağlanıb, sayğaclar quraşdırıldıqdan sonra digər küçələrə də mərhələli şəkildə təbii qazın verilişi bərpa olunacaq”.
 
Nardaran sakinləri bildiriblər ki, qəsəbəyə qazla yanaşı, suyun da verilişi bərpa edilib, su sayğacları quraşdırılıb.(apa)

Google+ WhatsApp ok.ru