Azərbaycanda maarifçiliyi təbliğ edən yeni İctimai Birlik yaradılıb

“Maarifçiliyə Dəvət” İctimai Birliyinin təqdimat mərasimi keçirilib
 
Yeni təsis edilən “Maarifçiliyə Dəvət” İctimai Birliyinin təqdimat mərasimi keçirilib.
İslamınSəsi məlumat verir ki, tədbirdə yeni yaradılan ictimai birliyin rəhbər heyəti və üzvləri ilə yanaşı, bir çox təşkilat sədrləri, ictimai xadimlər, eləcə də ziyalılar iştirak ediblər. Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin də yer aldığı tədbir Quranın tilavət olunması ilə başlayıb. 
 
Daha sonra təqdimat mərasimini açıq elan edən ictimai birliyin sədri Elçin Manafov yeni yaradılan qurumun fəaliyyət istiqamətləri və məramnaməsi haqda məlumat verib. Sədr vurğulayıb ki, təşkilatın yaradılmasında əsas məqsəd cəmiyyəti müxtəlif sahələr üzrə maarifləndirməkdən ibarətdir. Çünki maariflənmiş cəmiyyət bəşəriyyətin, o cümlədən də ölkənin inkişafında əvəzedilməz rol oynayır. 
 
Elçin Manafovun çıxışı yekunlaşdıqdan sonra tədbirdə “Azərbaycan Ziyalı Hərəkatının” sədri Eldəniz Quliyev, Nardaran ağsaqqalı Natiq Kərimov və digər qonaqlar söz alıblar. Çıxış edənlər Azərbaycan cəmiyyətinin maariflənmə, savadlanma, məlumatlanma potensialının artırılması və xüsusi ilə də düzgün istiqamətə aparılması üçün “Maarifçiliyə Dəvət” İctimai Birliyinin yaradılmasını böyük töhfə kimi dəyərləndiriblər. 
 
Çıxışlar yekunlaşdıqdan sonra media nümayəndələrinin ünvanladığı suallar cavablandırılıb. Təşkilat sədri təkcə İslami mövzularda deyil, eləcə də digər sahələrdə seminarların təşkil olunacağını, digər təşkilatlarla qarşılıqlı əlaqələrin yaradılacağını, ləyaqətli, əxlaqlı, vətənpərvər insanların yetişməsi üçün əllərindən gələni edəcəklərini vurğulayıb. Tədbir maraqlı disskusiyalarla davam etdirilib. /

Google+ WhatsApp ok.ru