Azərbaycanda unun bir kisəsi 5 manata satılmalıdır

 
«Bizim yol» yazır: «Azərbaycanda unun bir kisəsi 5 manata satılmalıdır».
 
Unun və çörəyin qiymətində hazırkı bahalaşmanın iqtisadi əsası yoxdur. Bunu «Bizim Yol»a kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, dünya bazarında bu strateji məhsulun qiyməti sabit qaldığı halda, Azərbaycanda bahalanması inhisarçıların «xidmət»idir.
 
«Dünya bazarında bir ton buğdanın qiyməti 170-190 dollar, unun qiyməti 200-210 dollar arasındadır. 50 kiloqramlıq bir kisə unun qiyməti 10 dollardır, bu da devalvasiyadan sonra belə 15.50 manat olacaq. Məhsulun idxalı üçün daşınma və digər xərclər, eyni zamanda sahibkarın mənfəətini də üzərinə gəlsək, 18 manatdan yuxarı olmayacaq. Amma birdən-birə 10 manat qaldırıblar», - ekspert deyir.
 
V.Məhərrəmov bir məqama da diqqət çəkir. O deyir ki, ölkənin buğda ehtiyat fondunda 20%-dən çox taxıl saxlamağa ehtiyac yoxdur: «Azərbaycanda ehtiyat fondu 750 min tondur. Ölkənin illik tələbatının 70%-ə qədəridir. Amma bunun nə qədər həqiqət olduğu da dəqiq bilinmir. Niyə indiki məqamda məhsul bazara çıxarılmadı?.. Bu il ölkəyə 1 milyon 500 min ton buğda idxal olunub, daxildə də 1 milyon 800 min ton istehsal edilib. Ölkənin illik tələbatı isə 1 milyon 300 min tondur».
 
Ekspertə görə, ölkədə bu qədər məhsul var idisə, bu gün Azərbaycanda unun bir kisəsi 5 manata təklif olunmalı idi, daha 28 manata qalxmalı deyildi.

Google+ WhatsApp ok.ru