Azərbaycan Formula 1 naminə “nələrə gedib?”

Avtomobil yarışlarından yazan “Beyond the Flag” saytı Azərbaycanın ev sahibliyinə necə sahiblənməsindən bəhs edir

“Beyond the Flag” saytında Christopher Greenough məqaləsinə “Niyə Azərbaycan” sualı ilə başlayıb.
 
Məqalədə deyilir ki, Azərbaycanda Bakı Avropa Grand Prix yarışı elan ediləndən bəri bu sual ortalıqda dövriyyə edir və yeni suallar doğurur.
 
Greenough yazır ki, “Azərbaycan texniki baxımdan Avropada yerləşsə də, bir balaca şərqə getmək kifayətdir ki, Türkmənistanın üstünə çıxasan, ordan oyana isə Çinə bir qarış yol qalır”.
 
Avropa olmağına Avropadır…
 
“Əlbəttə, Avropa ölkəsi Avropadır və nə qədər şərqdə yerləşməsindən asılı olmayaraq yarışın bu coğrafı məkanda keçirilməsinin tənqidi şübhə doğurmalıdır” – yazır Greenough.
 
Jurnalistin gəldiyi nəticə budur ki, Azərbaycanın ev sahibliyini onun zəngin olması təmin edib. Azərbaycan dünyanın ən zəngin yüz ölkəsinin siyahısındadır.
 
Məqalədə deyilir ki, “yalnız bundan çıxış edərək Bernie Ecclestone-nun neft maqnatları ilə çiyin-çiyinə əyləşmək istədiyi barədə mülahizəni qəbul etməmək də olar, lakin Bakının, Azərbaycanın “dərin ciblərinə” görə seçilmədiyini düşünmək üçün də gərək axmaq olasan”.
 
Greenough yazır ki, hərçənd Grand Prix yarışları bir qayda olaraq pul baxımından varlı, siyasi baxımdan sabit ölkələrdə keçirilir.
 
Jurnalist bildirir ki, bağlı qapılar arxasında “niyə məhz Bakının seçilməsi sualı” yaxın gələcək üçün sirr olaraq qalacaq.
 
“Heç şübhəsiz Azərbaycan Formula 1-ə elə bir şey təklif edib ki, bunu başqa bir ölkə etməzdi...” – yazır Greenough.
 
Ecclestone insan haqları eksperti deyil
 
Jurnalist belə bir məqama diqqət yetirir ki, 2004-cü ildən bəri Formula 1 yarışları gözəl və mənzərəli ölkələrdə keçirilir, lakin onların, insan haqlarının tapdanması kimi bir ümumi cəhəti də var.
 
“Çin, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Meksika və Azərbaycan Dünya mətbuatının azadlığı indeksində (World Press Freedom Index) son yerləri tuturlar.
 
Məqalədə deyilir ki, bu ölkələrin Human Rights Watch təşkilatının 2016-cı il üçün hesabatında da vəziyyətləri oxşardır.
 
Lakin bütün bunlar Formula 1 rəhbərinin nəzərinə çatdırılanda, Eccleston Azərbaycanda heç bir problemin olmadığını deyib.
 
“Ecclestone insan haqları eksperti deyildir və ona görə də onun rəyi ciddi qəbul edilməməlidir. Lakin bunu görməməzliyə vurmaq da olmaz” – yazır jurnalist.
 
Greenough ilk növbədə Azərbaycana ev sahibliyinin verilməsini etik dəyərlərlə sual edir.
Onun fikrincə, “Azərbaycan niyə seçilib” sualının doğmaması üçün, onun seçilməməsi lazım idi. azadliq.org /

Google+ WhatsApp ok.ru