Azərbaycanda pullu yollar məsələsi gündəmə gəlib

2017-ci ildə tikintisi başa çatacaq Ələt-Astara magistral yolunun gələcəkdə ödənişli olması ilə bağlı Nazirlər Kabinetinə təkliflər verilib. Məlumatda bildirilib ki, ödənişlər sayəsində xərclənmiş vəsaitin büdcəyə qaytarılması planlaşdırılır. Həmçinin, Şamaxı-Quba yolunun tikintisi üçün investorlar cəlb olunsa, həmin yolun gələcəkdə ödənişli olması gözlənilir.
 
Ödənişli yolların olması üçün ilk növbədə alternativ yollar çəkilməlidir. Ilkin hesablamalara görə, ödənişli yoldan il ərzində 5-6 milyon manat gəlirin əldə edilməsi mümkündür.
 
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov isə ölkədəki hazırkı şəraiti, insanların maddi durumunu nəzərə alaraq, bu məsələnin reallaşacağını mümkün saymır. Hüquqşünas ümumiyyətlə, dövlət hesabına tikilən yolların ödənişli olmasını düzgün hesab etmir: “Dövlət büdcəsi vətəndaşların ödədiyi vəsaitlərin, hüquqi və fiziki şəxslərin, digər gəlirlərin hesabına formalaşır. Belə gəlirlər əsasında formalaşan büdcənin hesabına tikilən yolların pullu olması qanunun mahiyyətinə ziddir və hüququn fəlsəfəsinə uyğun deyil. Pullu yollarla yanaşı, ona uyğun alternativi olan dövlət əhəmiyyətli yollar olmalıdır. Məsələn, Ələt-Astara yolunun dördzolaqlı olması planlaşdırılır. Hər hansı sahibkar həmin yolun standartlarına uyğun və ya ondan da keyfiyyətli iki zolaqlı yol tikib onu pullu istifadəyə verə bilər. Hazırkı qanunvericilik bunu deyir”.
 
Müzəffər Baxışov qeyd edir ki, Ələt-Astara yolunun tikintisinə ayrılan vəsait tikintini həyata keçirən şirkətlər tərəfindən iki-üç dəfə mənimsənilib. Həmin yolun daha tez və keyfiyyətli istifadəsini məqsədəuyğun hesab edən hüquqşünas, insanların ondan rahat şəkildə bəhrələnməsini arzuladığını vurğulayır.(azadliq.info)
 

Google+ WhatsApp ok.ru