Azərbaycanda iqtisadi artım yalnız kreditləşmə ilə mümkündür – AYİB prezidenti

Azərbaycanda iqtisadi artım yalnız kreditləşmənin bərpası ilə mümkündür. Bu barədə mayın 25-də Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıya səfərinin yekunlarına həsr edilmiş mətbuat konfransında bankın prezidenti Suma Çakrabarti bildirib.

O, bank sektorunda yüksək dollarlaşma, probelmli kreditlərin həcmi və onların qaytarılmasından danışıb. «Bank sahəsində tərpəniş var. Əgər bank sahəsi bərpa olunmasa, iqtisadi inkişaf və şaxələnmədən danışmağa dəyməz», deyə o qeyd edib.

Turan İA-nın haqqında 2015-ci ildən danışılan Azərbaycanın maliyyə bazarında manatla istiqraz buraxılışı və  yerləşdirilməsi planı haqda sualına cavab olaraq AYİB prezidenti deyib ki, başqa ölkələrlə belə praktika var, bank 2016-cı ildə Azərbaycanda da bunu həyata keçirmək istəyir. «Bunun üçün tənzimləmə çərçivəsi hazırdır, maliyyə sektoru və investorlar da buna hazır olmalıdır». 

AYİB prezidenti deyib ki, Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirakla bağlı nikbindir.

Biznes mühitlə bağlı Çakrabarti deyib ki, ölkədə irimiqyaslı islahatlar aparılır, «korrupsiya ilə vacib mübarizə» aparılır, iqtisadi siyasət təkmilləşdirilir.

AYİB rəhbəri ikitərəfli əməkdaşlığın səviyyəsindən və AYİB tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya həcmindən məmnunluq ifadə edib.

Son iki ildə Azərbaycanda həyata keçirilən 30 layihəyə 270 mln dollar investisiya qoyulub.

Səfər çərçivəsində prezident İlham Əliyev, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, kommersiya banklarında, vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşlər keçirilib.

İndiyədək AYİB ümumi məbləği $2,9 mlrd olan 164, o cümlədən qeyri-neft sektorunda 154 layihənin maliyyələşməsində iştirak edib. 

Google+ WhatsApp ok.ru