Azərbayanda taksi sürücüləri xüsusi hazırlıq keçiriləcək- QAYDALAR TƏSDİQLƏNDİ

Nəqliyyat Nazirliyi “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”nı təsdiqləyib.
 
APA-nın məlumatına görə, bu Qayda taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi qaydalarını müəyyən edir. Xüsusi hazırlıq “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmələri üzrə Proqram” əsasında aparılır. Xüsusi hazırlıq Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Tədris Kurs Kombinatında keçirilir. Xüsusi hazırlıq prosesinin yüksək keyfiyyətini təmin etmək məqsədilə qruplar 20 nəfərdən çox və 10 nəfərdən az olmayan sayda formalaşdırılır. Xüsusi hazırlığın ümumi müddəti mühazirələr (31,5 saat), praktiki məşğələlər (8,5 saat) və yekun qiymətləndirmə (2 saat) ilə birlikdə 42 saat təşkil edir və bir sutka ərzində 6 saatdan artıq olmamaqla keçirilir. Xüsusi hazırlıq tədris kabinetlərində, təlim meydançasında və simulyator (avtotrenajor) otaqlarında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim və təlim ustaları tərəfindən keçirilir. Proqrama uyğun olaraq “Avtomobil nəqliyyatı haqqında” qanunun, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının taksi minik avtomobili ilə sərnişin daşımalarına dair müddəalarını, o cümlədən taksi minik avtomobili sürücülərinin və sərnişinlərin hüquqlarına, vəzifələrinə, qadağalara, sərnişinlərin daşınma qaydalarına, sərnişin daşımalarının təhlükəsizliyinin təmin olunmasına dair müvafiq müddəalarını, habelə həmin daşımalara aid yol hərəkəti qaydalarını özündə əks etdirən materiallardan istifadə olunur.
 
Xüsusi hazırlıq zamanı taksi minik avtomobili sürücülərinə etik davranış qaydaları, o cümlədən sərnişinlərlə mədəni rəftar etmənin, ünsiyyətdə kobudluğun, taksi minik avtomobilində siqaret çəkilməsinin və qida qəbul edilməsinin yolverilməzliyin, eləcə də qonaqpərvər və nəzakətli olmağın, unudulmuş əşyalar barədə polis orqanlarının məlumatlandırılmasının zəruriliyi, habelə peşəkarlıq və məsuliyyət, sərnişinlərlə ünsiyyətin psixologiyası və münaqişəli vəziyyətlərin aradan qaldırılması yolları haqqında məlumatlar verilir. Xüsusi hazırlıq zamanı taksi sürücülərinə inzibati ərazi vahidlərinin sərhədləri, dislokasiyası, tarixi mədəniyyət abidələrinin, sosial əhəmiyyətli obyektlərin, ali təhsil müəssisələrinin, ticarət obyektlərinin, xəstəxanaların yerləşdiyi ərazilər öyrədilir, avtomagistrallar, giriş-çıxış istiqamətləri, məsafələr, küçə və prospektlərin adları barədə ətraflı məlumatlar verilir. Xüsusi hazırlıqda iştirak edən sürücülərin hazırlıq səviyyəsini müəyyən etmək və təqdim olunan məlumatlara marağı formalaşdırılmaq üçün hər mövzu öyrənildikdən sonra və Proqramının yekununda keçirilən tədrisin sürücülər tərəfindən mənimsənilməsi şifahi sual-cavab formasında qiymətləndirilir. Proqramın müvafiq mövzuları üzrə sualların 50 faiz və ondan çoxuna cavab verən sürücülər xüsusi hazırlığı müvəffəqiyyətlə bitirmiş hesab edilirlər və onlara xüsusi hazırlığın keçməsini təsdiq edən sənəd və tədris olunan mövzuların daha yaxşı mənimsəmələri üçün əyani yaddaş materialları təqdim olunur. Proqramın müvafiq mövzuları üzrə sualların 50 faiz və ondan çoxuna cavab verə bilməyən sürücülərin proqramın mövzuları üzrə bilikləri təkrarən qiymətləndirilir. (apa)
 

Google+ WhatsApp ok.ru