Azərbaycanda bir ay kəskin quraqlıq və intensiv isti küləklər olacaq – proqnoz

Azərbaycanda bir ay kəskin quraqlıq və intensiv isti küləklər olacaq – proqnoz

“Ölkə ərazisində hava şəraitinin indiki vəziyyəti iyul ayının 15 və 20-dən başlayaraq ölkədə nəzərə çarpacaq dərəcədə quraqlıq olacağını göstərir”. 
 
Maide.Az bildirir ki, bunu SalamNews-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
 
Onun sözlərinə görə, əsas quraqlıq dövrü iyulun 15-20-dən avqustun 15-20-dək olan dövrdə müşahidə ediləcək. Bu isə havanın temperaturu, qlobal iqlim dəyişmələri ilə bağlıdır. Qlobal iqlim dəyişmələrinin səbəbləri müxtəlif olsa da, hazırda ən çox qəbul edilən faktor atmosferin çirklənməsi nəticəsində istixana effektinin yaranmasıdır.
 
M.Həsənov bildirib ki, quraqlıq dövründə ölkə ərazisində yağıntıların miqdarı normadan az olacaq. Bu da Azərbaycanın müəyyən ərazilərində, Kür-Araz ovalığında, Aran rayonlarında kəskin quraqlığın yaranmasına səbəb olacaq. Cəlilabad, İmişli, Beyləqan, Salyan, Neftçala Zərdab, Kürdəmir kimi rayonlarda quraqlığın daha intensiv şəkildə özünü göstərəcəyi proqnozlaşdırılır. Eyni hava kütlələri paytaxt üçün də səciyyəvidir.
 
“Bu vaxt ərzində Atlantik okeandan mülayim hava kütlələri ölkəyə daxil olacaq və arabir yağıntılar müşahidə olunacaq. Yəni, yalnız tropik hava kütlələri deyil, arabir mülayim hava kütlələri ilə yerdəyişmə olacaq", - ekspert bildirib.
 
M.Həsənov quraqlıq dövrü ərzində isti küləklərin bir-birini təkrarlamasına da münasibət bildirib: 
“Bir müddətdir ki, Azərbaycanda, xüsusən Abşeron yarımadasında küləklərin intensivliyi və sürəti azalmışdı. Lakin bununla yanaşı sürəti saniyədə 15 metrdən artıq olan küləklərin intensivliyi artıb. Belə küləklər 1980-90-cı illərlə müqayisədə daha çox müşahidə edilir. Yəni ölkədə küləklərin təkrarlanması çoxalıb. Quraqlıq dövrünün əsas əlamətlərindən biri isə isti küləklərin təkrarlanmasıdır. İyul və avqust aylarında isti küləklərin intensivliyi artacaq ki, bu da quraqlığın daha kəskin xarakter almasına gətirib çıxaracaq. Bu isə torpağın qurumasına, məhsuldar rütubətinin və havadakı rütubətin azalmasına səbəb olur. Havanın orta sutkalıq temperaturu 25-30 dərəcə və ondan yuxarı olarsa, isti quru küləklər bir neçə gün davam edərsə, torpağın məhsuldar rütübəti azalacaq. Nəticə etibarilə də əkinçiliyin bütün növlərinə ziyan dəyəcək. Xüsusən əkin sahələrindəki bostançılıq, tərəvəzçiliyə mənfi təsir göstərəcək”.
 
İqlimşünas əlavə edib ki, keçənilki quraqlıq dövründə quru, isti küləklər bir qədər az müşahidə edildiyindən quraqlığın davamlılığı da az olub. Amma bu il isti küləklər bir qədər çox müşahidə ediləcəyindən quraqlığın da ötən ilə nisbətən kəskin olacağı gözlənilir.
 
Buna görə də ölkədə iqlim şəraitinin yaxşılaşdırılması üçün meşə zolaqlarının sayının sahəsinin artırılması vacibdir.

Google+ WhatsApp ok.ru