Azərbaycan Gömrüyündə məhdudiyyətlər artır

Azərbaycan Gömrüyündə məhdudiyyətlər artır

Avqustun 8-dən Azərbaycana gömrük haqqı ödənilmədən gətirilən ərzaq, alkoqollu içki və siqaretlə bağlı yeni məhdudiyyətlərin qüvvəyə minəcəyi deyilir.
 
APA-nın xəbərinə görə, bu qaydalar fiziki şəxslərin qeyri-kommersiya məqsədi ilə gətirəcəkləri mallara aiddir.
 
İndiyədək dəyəri 1500 ABŞ dollarını aşmayan malları (aksizli mallar və avtonəqliyyat vasitələri istisnadır) gömrük ödənişi olmadan ölkəyə gətirməyə qanuni icazə vardı. Üstəlik, şəxsi müşayiət edən hər bir yetkinlik yaşına çatmamış uşağa görə də əlavə 500 ABŞ dolları dəyərində ödənişsiz mal keçirmək mümkün idi.
 
Dəyişikliyə əsasən, ayda yalnız bir dəfə belə güzəşt olacaq. Ancaq məhdudiyyətlərin bununla bitmədiyi qeyd edilir.
 
İndiyədək qanunla 10 kiloqramadək azuqəni (nərə cinsli balıq istisnadır) gömrük ödənişləri olmadan hər çıxışda ölkəyə gətirmək olardı. Dəyişiklikdən sonra yalnız ayda bir dəfə, həm də çəkisi 30 kiloqramı aşmayan müxtəlif növ ərzaq məhsullarını ödənişsiz gətirmək mümkün olacaq.
 
Sadə vətəndaşlar heç bu vaxtadək qüvvədə olan qaydalara da gömrükdə əməl edilməməsindən gileylidirlər. Onlar AzadlıqRadiosuna dəfələrlə şikayətləniblər ki, bəzən, İran və ya Gürcüstandan gətirdikləri 2 blok siqaretin birini gömrükdə onlardan alıblar. Hətta banana, bayram ərəfəsindəsə xurma və başqa çərəzlərə tam məhdudiyyət qoyulduğu söylənib. Gömrük qurumları isə belə şikayətləri hər dəfə əsassız sayıblar. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru