Azərbaycan və İran arasında 6 sənəd imzalanıb -YENİLƏNİB

Azərbaycan və İran arasında 6 sənəd imzalanıb -YENİLƏNİB

 
(Prezidentlərin çıxışları  əlavə olunub) 
 
Avqustun 7-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə Azərbaycan-İran sənədlərinin imzalanması mərasimi olub.
 
“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumu”nu İranın Milli Standartlaşdırma Təşkilatının sədri xanım Nəirə Piruzbəxt və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev imzaladılar.
 
“Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İran İslam Respublikasının Mərkəzi Bankı arasında Anlaşma Memorandumu”nu İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyf və Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov imzaladılar.
 
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində İcra Proqramını (2016-2019)” İranın Vitse-Prezidenti, Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatının sədri Məsud Sultanifər və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.
 
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu”nu İranın yol və şəhərsalma naziri Abbas Axundi və Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov imzaladılar.
 
“Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə imzaladılar.
 
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”i İranın xarici işlər naziri Məhəmməd Cəvad Zərif və Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov imzaladılar.
 
*****
«Azərbaycan və İran beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir. Azərbaycan İrana qarşı sanksiyaların həmişə əleyhinə olub».
 
APA-nın xəbərinə görə, bunu İran prezidenti Həsən Ruhani ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan dövlət başçısı İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, İran həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: «İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyi vurğulanıb. Mən bu gün münaqişənin tənzimlənməsi sahəsində son vəziyyəti İran prezidentinə çatdırdım, danışıqların son durumu barədə geniş məlumat verdim. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Qarabağla yanaşı, ətraf 7 rayon da bu gün Ermənistanın işğalı altındadır. Məscidlərimiz dağıdılıb, insanlarımız torpaqlarından qovulub. Münaqişənin həlli üçün işğalçı qüvvələr işğal edilən torpaqlardan çıxarılmalıdır. Bu, BMT qətnamələrində də əksini tapıb».
 
«Münaqişələr sülh yolu ilə həllini tapmalıdır»
 
İran Prezidenti Həsən Ruhani də deyib ki, region ölkələrində sülh və sabitliyin bərpa olunacağına inanır. Hər bir problem sülh yolu ilə həllini tapmalıdır.
 
H. Ruhani qeyd edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib: «Regiondakı münaqişələr sülh yolu ilə həllini tapmalıdır. İran Azərbaycan və Ermənistanın qonşusu kimi məsələnin sülh yolu ilə həllinə çalışıb. İranın əlində münaqişənin həlli ilə bağlı imkan olsa, əsirgəməyəcək».
 
Terrorçuluğa qarşı mübarizədən danışan İran prezidenti bildirib ki, iki ölkə bu sahədə əməkdaşlıq edəcək: «Radikallıqdan uzaq olmalıyıq. Elm və texnologiya sahəsində də əməkdaşlığımız genişlənməlidir».
 
Ticarət dövriyyəsi 66 faiz artıb
 
İran prezidenti qeyd edib ki, hökumətlərarası birgə komissiya çox uğurla işləyir. Səfər ərəfəsində Neftçalada İran avtomobil zavodunun açılması mühüm hadisədir. Bu il Azərbaycan və İran arasında ticarət dövriyyəsi 66 faiz artıb.
 
Həsən Ruhani qeyd edib ki, yaxın vaxtlarda İran texnologiyası ilə çalışacaq dərman zavodunun bünövrəsi də qoyulacaq: «Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması üçün də önəmli addımlar atılır. Bu ilin sonuna qədər Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər uzadacaq. Şimal-Cənub Nəqliyyat Dəhlizinin icrasını sürətləndirmək üçün bu gün Memorandum imzalanıb. Azərbaycan tərəfi gələcəkdə bu layihənin maliyyələşdirilməsində iştirak etmək arzusundadır. Bu məsələ sabah Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşündə də müzakirə ediləcək. Üçtərəfli əməkdaşlıq formatının yaradılması təbiidir. Bunun əsasında tarix, coğrafiya və müştərək layihələr dayanır. Bu, tək ölkələr deyil, qitələr üçün böyük əhəmiyyət daşıyır. Sabah Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı tarixi addımlar atılacaq».
 
Viza rejiminin aradan götürülməsi
Həsən Ruhani daha sonra da deyib ki, viza rejiminin aradan qaldırılması iki ölkə arasında əlaqələrinin inkişafında mühüm rol oynayar.
 
Hələ, bir neçə ilə bundan əvvəl İran birtərəfli qaydada Azərbaycan vətəndaşlarından ötrü viza rejimini ləğv edib. Azərbaycan isə viza rejimini saxlayır.
 
H. Ruhani bildirib ki, Azərbaycanla İran arasında azad ticarət zonasının yaradılmasına da ümid bağlayır: «İki ölkə arasında ticarət sahəsində rüsumların azaldılmasına çalışmaq lazımdır. Sonda iki ölkə arasında azad ticarət zonasının yaradılacağına ümid edirik».
 
Bura «Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması; bitki mühafizəsi, elektron təhlükəsizlik, turizm və başqa sahələrdə əməkdaşlıq məsələləri daxildir.
 
Rusiya prezidenti Vladimir Putinin də Azərbaycana gəlişi gözlənilir.
 
Avqustun 8-də tarixdə ilk üçtərəfli Rusiya, İran, Azərbaycan liderlərinin görüşü olmalıdır. Görüş zamanı iqtisadiyyat, təhlükəsizlik, terrorizmlə mübarizə, Xəzər dənizinin statusu və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirə ediləcəyi bildirilir.
 
Bundan başqa prezidentlərin ayrı-ayrılıqda bir-birləri ilə də görüşü gözlənilir.
 
 
 

Google+ WhatsApp ok.ru