Azərbaycanda iki gündə 22 min sürücü cərimələnib

Azərbaycanda iki gündə 22 min sürücü cərimələnib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avqustun 23-24 tarixlərində ölkə üzrə keçirilən reydlərin nəticələrinə dair məlumat yayıb.
 
İdarədən APA-ya bildirilib ki, yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının qarşısının alınması istiqamətində Baş Dövlət Yol Polisi İdarəsinin reydləri davam edir. Respublika ərazisində keçirilən reydlər zamanı son 2 gündə 22 mindən çox yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 150-dən çox sürücü aşkarlanıb.
 
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən təkcə Göygöl rayonu ərazisində 2 gündə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 38 sürücü aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunub.
 
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının faciəvi sonluqla nəticələnməsini bir daha sürücülərin diqqətinə çatdıraraq, yol hərəkəti qaydalarına ciddi əməl etmələrini onlardan tələb edir.
 

Google+ WhatsApp ok.ru