Azərbaycan, İran və Rusiya poçt sahəsində əməkdaşlıq üçün regional hab yaradacaq

Azərbaycan, İran və Rusiya poçt sahəsində əməkdaşlıq üçün regional hab yaradacaq

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İran İslam Respublikasında səfərdədir.
 
Oktyabrın 17-də İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə keçirdiyi görüşdə Ramin Quluzadə iranlı həmkarı ilə keçirdiyi görüşləri xatırladaraq bildirib ki, hər iki ölkənin müvafiq qurumları arasında kifayət qədər yüksək səviyyəli əlaqələr yaranıb. Qurumlar arasındakı yaxın əməkdaşlıq əlaqələri dövlətlərimiz arasındakı münasibətlərin inkişafının göstəricisidir. Nazirliyin fəaliyyəti və iş prinsipləri haqqında məlumat verən R.Quluzadə qeyd edib ki, Azərbaycan poçt üzrə tranzit ölkəsi olmaq niyyətindədir. Artıq Rusiyanın müvafiq qurumları ilə razılıq əldə edilib. İranın da bu layihəyə qoşulması tərəflər üçün faydalı olar. Poçt daşımalarının Azərbaycan üzərindən həyata keçirilməsi vaxt itkisinin qarşısını almaqla yanaşı pul vəsaitinin də qənaət edilməsinə səbəb olacaq.
 
R.Quluzadə Azərbaycanda fəaliyyət göstərən yüksək texnologiyalar parkı barədə məlumat verib.
 
İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri M.Vaezi dəvəti qəbul etdiyinə görə təşəkkür edərək bildirib ki, Azərbaycan ilə İran arasındakı əlaqələrin bundan sonra daha da inkişaf etməsi üçün heç bir problem yoxdur.
 
M.Vaezi görüşdə irəli sürülən təklifləri yüksək qiymətləndirərək həyata keçirilməsi üçün real addımların atılacağını nəzərə çatdırıb.
 
Görüşdə müştərək markaların çapı, təbliği və satışının təşkili, kibertəhlükəsizlik və sərhədyanı rayonlarda radiodalğaların tənzimlənməsi, eləcə də beynəlxalq trafikin qiymətinin azaldılması məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
 
 Azərbaycan, İran və Rusiya arasında poçt sahəsində əməkdaşlıq sazişi imzalanacaq.  İranlı həmkarı Mahmud Vaezi ilə görüşdən sonra R. Quluzadə bildirib ki, iki ölkə arasında əməkdaşlıq üçün böyük potensial mövcuddur.
 
"Gələn həftənin sonunadək müştərək işçi qrupu yaradılacaq və işçi qrup texnologiyalar və kosmos sahəsində əməkdaşlıq perspektivlərini araşdıracaq. Mənim rəhbərlik etdiyim nümayəndə heyətinə bir sıra rəsmi şəxslər və şirkət rəhbərləri daxildir. İki ölkə müştərək əməkdaşlıqda maraqlıdır və bu istiqamətdə ciddi işlər aparılır".
 
Qeyd edək ki, R. Quluzadə bu gün İranın milli poçt şirkətinin rəhbəri ilə görüşüb. Görüş çərçivəsində tərəflər İranın Pəyam hava limanında regional habın yaradılması və ondan müştərək istifadə barədə qərar qəbul ediblər. (apa)
 

Google+ WhatsApp ok.ru