Azərbaycanda yağıntıların miqdarı 9-14%-ə qədər azalıb

Azərbaycanda yağıntıların miqdarı 9-14%-ə qədər azalıb

1961-1990-cı illərə nis bətən 1992-2014-cü illərdə respublika ərazisində yağıntıların miqdarı 9-14%-ə qədər azalıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya açıqlamasında bildirib ki, 2011-2016-cı illər ərzində “İqlim dəyişmələrinin Azərbaycanın təbiətinə və təsərrüfat komplekslərinə gözlənilən təsirlərin qiymətləndirilməsi” mövzunda aparılan tədqiqatın nəticəsində Böyük Qafqazın qərb yamaclarında bir qədər artım olsa da, digər ərazilərdə yağıntının azalması müşahidə edilib. Onun sözlərinə görə, Kür-Araz ovalığının bəzi hissələrində bu göstərici 12-15%-ə qədərdir: “İlin isti dövründə, yəni bitkilərin suya daha çox tələbatı olan dövrdə yağıntıların 17%-ə qədər azalması müşahidə edilir ki, bu da Azərbaycanda rütubət ehtiyatlarının azalması və qlobal iqlim dəyişmələrinin ölkə ərazisinə təsirini göstərir”.
 
M.Həsənov qeyd edib ki, Azərbaycanda 1992-2014-cü illər ərzində havanın orta sutkalıq temperaturunun 10 dərəcədən yuxarı olduğu günlərin sayı 20 günə qədər artıb. Onun sözlərinə görə, belə günlər yazda 4-9 gün tez, payızda isə 1-14 gün gec başa çatıb: “Bu o deməkdir ki, respublika ərazisində iqlim ehtiyatlarından daha səmərəli istifadə etmək imkanları xeyli yüksəlib”.
 
İqlimşünas əlavə edib ki, növbəti mərhələdə “İqlim dəyişmələrinin insan səhhətinə təsiri”, “Müasir iqlim dəyişmələri şəraitində Azərbaycanın atmosfer sirkulyasiyası və sinoptik proseslərin tədqiqi” mövzusunda araşdırmalar aparılacaq. Onun sözlərinə görə, bu işlər 2017-2018-ci illərdə həyata keçiriləcək. /

Google+ WhatsApp ok.ru