Azərbaycanda qanunsuz yaşayan 13 əcnəbi saxlanılıb

Azərbaycanda qanunsuz yaşayan 13 əcnəbi saxlanılıb

Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ölkə ərazisində qanunsuz yaşayan 5 nəfər Pakistan, 5 nəfər Hindistan, 1 nəfər Filippin, 1 nəfər Türkiyə və 1 nəfər Qazaxıstan vətəndaşları saxlanılıb.
 
DMX-dan APA-ya verilən məlumata görə, araşdırma zamanı 5 nəfər Pakistan vətəndaşının (Qasım Malik Ghulam, Zahid Abdul Majeed, Saleem Tamoor, Usman Muhammad, Kohna Irshad Alı Khan) elektron viza əsasında ölkəyə gəldikləri və sonradan qanunsuz miqranta çevrildikləri məlum olub.
 
Keçirilmiş tədbir zamanı saxlanılmış Hindistan vətəndaşı Navdeep Saklani öz həmvətənlərinə (Gurmukh Singh, Singh Dilbag, Arminder Singh, Rajanpreet Singh) Azərbaycanda müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alacağına, həmin  şəxsləri işlə təmin edəcəyinə vəd verməklə, onların qanunsuz miqranta çevrilmələrinə şərait yaradıb. Həmin əcnəbilərdən A. Singh “Singh Company” MMC-nin direktoru, S.Dilbag “Singhs and İndian” MMC-nin direktor müavini qismində müvəqqəti yaşama icazəsi verilməsinə dair DMX-ya müraciət edib, şirkətlərin fəaliyyətlərinin olmadığı üçün müraciətlərə imtina edildikdən sonra onlar ölkəni tərk etməyiblər və keçirilmiş tədbirlər nəticəsində saxlanılıblar.
 
Bundan əlavə, Filippin vətəndaşının məcburi əməyə cəlb edilməsi ehtimalını nəzərə alaraq, materiallar aidiyyəti üzrə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
 
Saxlanılmış Qazaxıstan vətəndaşı Larisa Varfolomeyevanın 1994-cü ildən və Türkiyə vətəndaşı Ali Güneşin isə 2015-ci ildən ölkə ərazisində qanunsuz yaşadıqları məlum olub.
 
Aşkar edilmiş faktlarla bağlı Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilən şəxslər müvafiq inzibati məsuliyyətə cəlb ediliblər. /

Google+ WhatsApp ok.ru