Azərbaycan İslam Partiyası Myanmar qətliamı ilə bağlı bəyanat yaydı

Azərbaycan İslam Partiyası Myanmar qətliamı ilə bağlı bəyanat yaydı

Azərbaycan İslam Partiyasının mətbuat xidmətindən Maide.Az-a daxil olan bəyanatda bildirilir: 
 
"Müsəlmanların müqəddəs Qurban bayramı ərəfəsində Myanmada yenidən insanların kütləvi qətliamı baş verir. Ölkənin Arakan vilayətində 2012-ci ildə müsəlmanların kütləvi qırğınını kölgədə qoyan cinayətlər törədilmişdir. Arakanın ayrı-ayrı kəndlərində  üç mindən artıq müsəlman hökumət ordusu tərəfindən qətlə yetirilmiş, 100 min günahsız insan yurd-yuvasından didərgin salınmışdır. 
 
Bu qanlı cinayət Myanma hakimiyyətinin  və bütövlükdə İslam düşmənlərinin, müsəlman qanına susayanların insanlığa və bəşəriyyətə zidd olan baxışlarının nəticəsidir. Şübhə etmirik ki, belə hadisələr xristian və digər dinlərin daşıyıcılarının başına gətirilsə idi dünya hərəkətə keçər, faciənin siyasi qiyməti verilməklə qarşısı alınardı. Göründüyü kimi, müsəlman xalqlarla törədilən soyqırımlar, ağır faciələr, qətliamlar dünyanın güc mərkəzlərinin diqqətindən bilərəkdən kənarda qalır, heç bir ciddi mövqe göstərilməməklə, cinayətkar qüvvələrə  qarşı  addımlar atılmır. 
 
Hesab edirik ki, Myanmada törədilən qətliamlar 2016-cı ildə hakimiyyətə gəlmiş Aun Sanın ölkəyə rəhbərliyi dövründə bir neçə dəfə artmışdır. Unutmaq olmaz ki, Aun San Nobel mükafatı laureatıdır. Görünür, onun müsəlmanlara qarşı qaniçən münasibətə  malik xislətinə görə bu mükafata layiq imiş. Belə ki, onun hakimiyyəti dövrünün təkcə bir ili ərzində 100 mindən artıq müsəlman məhv edilmişdir. 
 
İnsanlığa qarşı yaradılmış süni böhranı diqqətə alaraq dünya müsəlmanları, İslam dövlətləri, İslam Əməkdaşlıq Konfransının üzv ölkələrinin rəhbərləri birmənalı şəkildə bilməlidirlər ki, müsəlman ölkələrinin və xalqlarının vəhdəti, birliyi, əməkdaşlığı, düşmənə qarşı həmrəyliyi zəruri,  həm də vacibdir.
 
Azərbaycan İslam Partiyası Myanmada baş verənləri adi və təsadüfi hadisə hesab etmir. Dövlət və hakimiyyət  miqyasında müsəlman əhaliyə qarşı törədilənlər məqsədyönlüdür. Ordu və polis orqanları tərəfindən həyata keçirilən  cinayətlərin  Qərbin və ABŞ-ın himayəsi altında baş verməsi şübhə doğurmur.  Bu qütblərin hazırda Myanmanı demokratik  ölkə kimi qələmə vermələri dolayısı ilə aparılan kütləvi qətliamlara haqq qazandırmış olurlar. Bu mənada hazırkı dövrdə Fələstində, Suriya və İraqda, Yəmən, Əfqanıstan, eləcə Türkiyədə, İranda, Tunisdə, Pakistanda baş verən terrorların sadəcə müsəlmanların inkişaf və tərəqqisinin qarşısının alınmasına deyil, ümumən İslam dininin sıxışdırılmasına, zəiflədilməsinə ölçülmüş bir addım hesab etmək olar. Əminik ki, zor qarşısında zor, güc qarşısında güc yaratmaqla müsəlmanların davam edən faciələrinə son qoymaq mümkündür."
 
 

Google+ WhatsApp ok.ru