Azalan tikinti, gedən şirkətlər

Azalan tikinti, gedən şirkətlər

"Exo" qəzetində isə diqqəti "Bütün Azərbaycan boyu tikintinin həcmi azalır" sərlövhəli məqalə cəlb edir.
 
Müəllif tikinti sektorundakı durumu ekspertlərlə müzakirə edir.
 
Ekspertlərdən N.Ağayev qəzetə deyib ki, tikinti sektoru, hələ ki, durğunluqdan çıxmayıb: "İlin sonuna kimi tikinti sektorunun ayağa qalxa biləcəyinə ümidlər çox cüzidir. Odur ki, yaxın zamanda bu sahədə canlanma olacağı haqda danışmaq mənasızdır. Ora yönələn investisiyalar isə 2015-16-cı illərdə yarımçıq qalan layihələri tamamlamaq məqsədi güdür. Ona görə də İslam Həmrəylik Oyunları başlayana qədər bunları tamamlamaq istəyirlər".
 
Ekspertin deməsinə görə, ölkədə yarımçıq layihələrin tamamlanmasına 1 milyard manat lazımdır.
 
N.Ağayev deyib ki, daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsi mənzil tikintisinə də, dövlət sifarişlərinin həcminə də təsir edib. Ölkədə tikinti getsə də, artıq miqyas əvvəlki deyil.
 
Daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov isə qəzetə deyib ki, kommersiya şirkətləri bazarı tərk etməkdədir. Onun bildirməsinə görə, bu şirkətlər çoxsaylı tikintiləri yarımçıq saxlayaraq bazarı tərk ediblər. Ekspert bu vəziyyəti kreditləşmə və investisiya cəlb etmək problemləri ilə izah edib. /

Google+ WhatsApp ok.ru