Azərbaycana casus təhlükəsi -“Kasperski”dən imtina edəkmi?

Azərbaycana casus təhlükəsi -“Kasperski”dən imtina edəkmi?

Osman Gündüz: “Belə proqramların dövlət orqanlarında işlədilməsi düzgün deyil”
 
ABŞ-ın bütün dövlət müəssisələrində Rusiyanın məşhur “Kasperski” şirkətinin məhsullarının istifadəsi minimum üç ay müddətinə qadağan olunub.
 
Bu barədə informasiyanı ABŞ Daxili Təhlükəsizlik Nazirliyi yayıb. Səbəb bu şirkətin dövlət səviyyəsində kibercasusluq fəaliyyətinə bağlılığı baxımından narahatlıqdır. Məlumata görə, daxili təhlükəsizlik naziri vəzifəsini icra edən Elaine Duke federal agentliklərə göndərdiyi təlimatda bildirib ki, şəbəkələrində “Kasperski Laboratoriyası” proqramının olub-olmamasını müəyyənləşdirsinlər. Əgər  90 gündən sonra, başqa göstəriş gəlməsə, proqram silinməlidir.
 
Bu ilin may ayında isə ABŞ kəşfiyyatı “Kasperski” şirkətinin ölkənin milli təhlükəsizliyinə təhdid törədə biləcəyi barədə məlumat yaymışdı.
 
Ümumiyyətlə, ABŞ-da “Kasperski” proqramlarından imtina fikrini dəstəkləyən rəsmilər çoxdur. Senator Jeanne Shaheen deyib ki, bu, milli təhlükəsizliyimizin təkmilləşdirilməsi yönündə vacib addımdır. O, 2018-ci ilin Milli Müdafiə Aktına dəyişiklik təklif edərək bildirib ki,  Müdafiə Departamenti və bütün hökumətdə ‘"Kasperski" məhsullarında istifadə yasaqlanmalıdır.
 
Qeyd olunur ki, dünyanın nüfuzlu antivirus şirkətlərindən biri hesab olunan “Kasperski” şirkətinin Kremllə və xüsusilə Federal Təhlükəsizlik Xidməti ilə bağlılığı barədə müntəzəm məlumatlar  dərc olunur.
 
Şirkət rəhbəri Yevgeni Kasperski hər vəchlə üzərinə qoyulan bu ittihamları uzaqlaşdırmağa çalışır. Buna rəğmən opponentləri onun vaxtilə Rusiya Müdafiə Nazirliyində proqramçı-mühəndis kimi çalışdığını xatırlatmağa davam edirlər. Şirkət rəhbərliyi isə bunun yalan olduğunu bildirir.
 
Azərbaycanda da demək olar ki, bütün dövlət müəssisə və qurumlarında əksər hallarda “Kasperski” antivirus proqramlarından istifadə edilir. Bəs Azərbaycanda bu şirkətin məhsulları yığışdırıla bilərmi?
 
“Yeni Müsavat”a danışan  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, şirkətlə bağlı belə açıqlamalar tez-tez verilir: “Bu yaxınlarda Ukrayna da bəyanat verdi ki, Rusiyaya məxsus proqramlar, əlavə məlumatları da bu dövlətin xüsusi xidmət orqanlarına ötürürlər. Yəni bu tip açıqlamalar MDB məkanında, eləcə də qlobal dünyada müşahidə ediləndir. İndi bunları gözardına almaq da düzgün olmazdı. Təbii ki, hazırda virtual məkanda dövlətlər arasında informasiya savaşı gedir. İnformasiyaların əldə olunması, müxtəlif məlumatların oğurlanması prosesi sürətlənib. Bir var ki, bu, hansısa insanın vasitəsilə əldə olunsun, bir də var elə proqram vasitəsilə bunu gerçəkləşdirirlər. İkinci daha rahat üsuldur. Ona görə də hesab edirəm ki, burada əsas diqqət edilən məqam odur ki, sahəyə nəzarət etmək səlahiyyətində olan dövlət qurumu belə proqramların ölkə ərazisində istifadəsi ilə bağlı bəlli  standartlar hazırlamalıdır. Öyrənilməlidir ki, bunlar bizim təhlükəsizliyimizə təhdid yaradır, yoxsa yox. Azərbaycanda aidiyyəti qurumlar standartlar hazırlamaqla bərabər, onların bəlli bir laboratoriyaları da olmalıdır. Həmçinin bu şirkətlərdən müəyyən zəruri məlumatları əldə edib araşdırmalıdırlar ki, ciddi kodların olub-olmamasını aydınlaşdırsınlar. Bunlar mütləq edilməlidir. Bütün bu araşdırma olmadan belə proqramların dövlət orqanlarında, xüsusilə də təhlükəsizliklə bağlı yerlərdə işlədilməsi düzgün deyil. İlk olaraq proqram sınaqdan keçirilməlidir”.
 
Ekspert bildirib ki, bu tip proqramlarda məlumat ötürmə  qabiliyyətinin olmasını istisna etmir: “Ümumiyyətlə, bu tip proqramlarda elə kodlar, bloklar gizlədilə bilər ki, onlar əlavə funksiyaları da yerinə yetirə bilsin. Bu, mümkün ola bilən variantdır. İndi təbii ki, ”velosiped icad etmək" vaxtı da deyil. Hansısa milli təhlükəsizlik baxımından elə də ciddi əhəmiyyət kəsb etməyən sahələr var ki,  orada bu kimi proqramlardan istifadə etməkdə problem yoxdur. Ancaq strateji yerlərdə xüsusi diqqət etmək, istehsalçı şirkətlərdən əlavə təminat istənilməsi doğru olar. Azərbaycanın özünün antivirus proqramı yaratması məsələsinə gəlincə isə düşünürəm ki, bu da uzun bir proses olar. Ancaq bunu edənədək  etibarlı şirkətlə münasibətləri qurub xarici proqramdan istifadə etmək daha asandır. Yəni bu, sadə bir proses deyil. Bir neçə il öncə hələ Qərbin Rusiyaya qarşı sanksiyaları başlayan zaman rus hökuməti toplantı keçirdi. Həmin toplantıda Rusiyanın İnformasiya texnologiyaları (İT) sahəsində öz tələbatını nə dərəcədə ödəməsi məsələsini müzakirə etdilər. Məlum oldu ki, təxminən 70 faiz sahə xarici proqramların nəzarəti altındadır. Məsələn, məlum oldu ki, enerji sektoru “Simens”in nəzarəti altındadır və sair. İndi düşünün ki, Rusiyada 70 faizdirsə, bizdə 90 faizdən çoxdur. Düşünürəm ki, ona görə də biz ehtiyatlı addımlar atıb, riskləri nəzərə almalıyıq.  Hansısa vacib məlumatların yerləşdiyi yerlər xüsusi nəzarət altında saxlanılmalıdır".
 
Gündüz onu da qeyd edib ki, son günlər Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı sahənin tənzimlənməsi iki yerə ayrılıb: “Bunlar dövlət və qeyri-dövlət sektorudur. Qeyri-dövlətə Elektron Təhlükəsizlik Mərkəzi, dövlətə isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi nəzarət edir. Dövlət agentliyi bu istiqamətdə xeyli işlər görüb. Yəni qanunvericiliyin təkmilləşdirilməsi, infrastrukturun yaranması, dövlət saytlarının qorunması işləri gücləndirilib. Mənə elə gəlir ki, dövlət agentliyi bu məhsullardan istifadə ilə bağlı məsələləri daha da sərtləşdirməlidir”. /

Google+ WhatsApp ok.ru