Azərbaycanda banklar əmanətçilərin pullarını mənimsəyir?

Azərbaycanda banklar əmanətçilərin pullarını mənimsəyir?

«Exo» qəzetində «Azərbaycanda banklar əmanətçilərin pullarını mənimsəyir?» sualına ekspert Əkrəm Həsənovla cavab axtarılır.
 
«Azərbaycan banklarının bir çoxu oğurluq etmələri səbəbindən müflis olublar. Bu oğurluğu heç də həmişə bank sahibləri etməyiblər. Bəzən bank idarəçiləri oğurluqla məşğul olublar», -ekspert Ə.Həsənov qəzetə deyib.
 
Ekspert oğurluğun sxemini izah edir. O deyib ki, menecerlər kreditləri öz adamlarının adlarına götürür, daha sonra bu pullar banka qayıtmır. Beləliklə bank sahibləri əmanətçilərin vəsaitlərini mənimsəmiş olurlar. Kreditlər də qayıtmayanda banklar iflasa uğrayırlar. Ə.Həsənov vurğulayıb ki, bankın iflas olması isə onun bütün mülkiyyətinin borcundan az hesablanması halında baş verir.
 
Ekspert bildirib ki, bu durum Azərbaycanda iki devalvasiya baş verənə kimi davam edib və piramida sxemi kimi işləyib.
 
Onun deməsinə görə, bank idarəçiləri öz adamlarına kreditləri cüzi faizlə veriblər. Sadə vətəndaşlara verdikləri yüksək faiz hesabına isə öz adamlarının kredit faizlərini bağlayıblar. Bu sxem vətəndaşlar borclarını qaytara bildikləri müddətə kimi işləyib:
 
«Ancaq manatın məzənnəsi kəskin düşdükdən sonra maliyyə durumunun pisləşməsi ilə çoxları gəlirdən məhrum olublar, kreditləri ödəməyə vəsaitləri qalmayıb. Beləliklə, bankirlərin önündə iki variant qalıb: ya oğurladıqlarının bir hissəsini qaytarmaq, ya da dövlətin bankı müflis elan etməsini gözləmək».
 
Ə.Həsənov deyib ki, Azərbaycanda müflis olan bankların 80 faizi subyektiv səbəbdən həmin vəziyyətə düşüb. /

Google+ WhatsApp ok.ru