Azərbaycanda bir sıra məhsulların qiymətində bahalaşma var

Azərbaycanda bir sıra məhsulların qiymətində bahalaşma var

«Exo» qəzetində «Azərbaycanda bir sıra məhsulların qiymətində bahalaşma var» sərlövhəli yazı oxumaq olar.
 
Yazıda mövzu ekspert Nəriman Ağayevlə dəyərləndirilir.
 
Ekspert qəzetə deyib ki, orta statistik bir Azərbaycan vətəndaşı ay ərzində ərzağa 160 manat xərcləyir. Digər xərclər də nəzərə alınsa, ona ayda ən azı 320 manat vəsait lazımdır.
 
N.Ağayev vurğulayıb ki, oktyabrdan soyuqlar düşür. Soyuqların düşməsi isə xərclərin artması anlamına gəlir:
 
«Ancaq bunu birmənalı demək olar ki, əhalinin gəlirləri xərclərini ödəmir».
 
Müəllif rəsmi statistikaya istinadən bildirir ki, bu ilin avqust ayında orta aylıq nominal əməkhaqqı 523.1 manat təşkil edib.
 
N.Ağayev isə rəsmi statistik göstəricilərə bir qədər şübhə bəsləyir:
 
«Rəsmi statistikada bu ilin 8 ayı ərzində əhalinin 21.7 milyard manatlıq istehlak malları alması göstəricisi düşündürücüdür. Azərbaycanda hətta devalvasiyaya qədərki tələbatın artdığı dövrdə belə, yəni, Yeni il bayramı ərəfəsində aya 2 milyard manatdan çox xərclənmirdi».
 
Bununla belə, ekspert vurğulayır ki, qiymətlərin artması halında xərclərin yüksəlməsi təbiidir. O deyib ki, bəzi malların, xüsusilə kofe və şirniyyatın qiymətləri bahalaşıb.
 
Müəllif xatırladır ki, bu ilin yanvar-avqust aylarında əhali 21.7 milyard manatlıq istehlak malları alıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz çoxdur. Bunun 11 milyard manatı ərzaq mallarına, içki və tütün məmulatlarına, 10.7 milyard manatı isə qeyri-ərzaq mallarına xərclənib.
 
Yazıda yenə də rəsmi statistikaya istinadən bildirilir ki, orta illik inflyasiya 14 faiz təşkil edib. Ərzaq malları 18.2 faiz bahalaşıb. (contact.az)

Google+ WhatsApp ok.ru