Azərbaycanda prezident seçkiləri keçirilir

Azərbaycanda prezident seçkiləri keçirilir

-- Səsvermə saat 19.00-da başa çatacaq.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.
 
Maide.Az xəbər verir ki, səkkiz namizəd iştirak edir: Araz Əlizadə (ASDP), Fərəc Quliyev (MDHP), Hafiz Hacıyev (MMP), İlham Əliyev (YAP), Qüdrət Həsənquliyev (BAXCP), Razi Nurullayev (Cəbhəçilərin təşəbbüs qrupu), Sərdar Cəlaloğlu (ADP) və Zahid Oruc (deputat).
 
Müxalifət partiyalarının əksəriyyəti bu seçkini boykot edib.
 
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında seçkilərə hazırlıq prosesi barədə məlumat verib. O, hazırlığın yüksək səviyyədə olduğunu bildirib.
 
M.Pənahov seçki prosesinin Seçki Məcəlləsinə uyğun keçməsindən ötrü MSK-nın bütün lazımi tədbirləri gördüyünü nəzərə çatdırıb.
 
Dəqiqləşdirilmiş son vahid seçici siyahısına əsasən, xaricdəki seçicilər də daxil olmaqla, ümumilikdə 5 milyon 309 min 434 seçici var. Seçicilərin 50.78 faizi qadın, 49.22 faizi kişidir. Azərbaycanın 32 ölkədə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarında 41 məntəqədə seçki keçirilməlidir.
 
Mərkəzi Seçki Komissiyası səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə - 10.00, 12.00, 15.00, 17.00, 19.00-da ilkin məlumatlar yayacaq.
 
MSK-nın məlumatına görə, ölkədə 5 min 426 daimi seçki məntəqəsi təşkil edilib.
 
Səsvermə saat 19.00-da başa çatacaq.

 

Google+ WhatsApp ok.ru