Badamdardakı sürüşmə aktivləşə bilər – xəbərdarlıq

Səbail rayonu, Badamdar qəsəbəsində sürüşmə yenidən aktivləşə bilər. 
 
Bu barədə AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib. Geoloq həmin ərazidə bir neçə il əvvəl baş vermiş güclü sürüşmənin yenidən təkrarlana biləcəyini deyib: “Badamdar aktiv sürüşmə zonası olduğundan orada önləyici tədbirlər görülüb. Ağaclar əkilib və.s. Təhqiqatlarımıza görə deyə bilərəm ki, hələ ki, vəziyyət stabildir. Amma bunu nə qədər davam edəcəyini deyə bilmərik. Orada yaşayan əhaliyə də xəbərdarlıq edilib. Əgər, çirkab suları axıdılmazsa, vəziyyət bu cür də davam edəcək. Lakin çirkab və kanalizasiya suları, həmçinin texniki sular axıdılsa, sürüşmə aktivləşəcək”. 
 
Geoloqun sözlərinə görə, sürüşməyə səbəb olacaq amillərdən biri də yeni tikilən evlərdir: “Müşahidələrimizə görə deyə bilərəm ki, yeni evlər tikilən zaman 15-20 metrlik yarğanlar açılır. Bu yarğanlar əlbəttə ki, potensial təhlükə mənbəyidir. Yerli sakinlərdən çox şey asılıdır. Onlar kömək etməlidirlər ki, bizim gördüyümüz tədbirlərin nəticəsi olsun”. 
 
Məlumat üçün bildirək ki, 2012-ci ildə Badamdar qəsəbəsindən 20-ci kilometrə gedən avtomobil yolunun sağ tərəfində, “Bəyoğlu” restoranın qarşısındakı ərazidə güclü sürüşmə qeydə alınmışdı. Sürüşmənin eni 180-220 metr, uzunluğu 250 metrə qədər, çatın görünən dərinliyi isə 4-5 metrə qədər idi. Hadisə nəticəsində avtomobil yolu uzun müddət bağlı qalmışdı. Mütəxəssislərin bildirdiyinə görə, sürüşmənin əsas səbəbi yamacdan yuxarıdakı villalarda kanalizasiyanın olmadığı üçün şambolardan istifadə olunması və bəzi həyətyanı sahələrdə olan bostanların suvarılması idi. 
 
Onu da bildirək ki, sözügedən ərazidə bu ilin may ayında da sürüşmə qeydə alınmışdı. Mütəxəssislər sürüşmənin böyük ərazini əhatə etmədiyini bildirmişdilər. /
 

Google+ WhatsApp ok.ru