Baş həkim xəstə qadını döydü - işdən qovuldu

Nizami rayonu ərazisində yerləşən 26 saylı Şəhər Poliklinikasında insident yaşanıb. Bu haqda redaksiyamıza məlumat verən mənbə bildirir ki, klinikada yaranan insidentdə tərəflərdən biri baş həkim Pənah Əliyev olub. 
 
Mənbəmiz hadisəni belə nəql edir ki, vaxtilə sözügedən poliklinikada müalicə almış bir xanım pasient ora gələrək özünün xəstəlik tarixçəsini almaq istəyib. Ondan şəxsiyyət vəsiqəsi tələb olunduqda bildirib ki, sənədi üstündə deyil. Həkimlər qadına deyiblər ki, şəxsiyyət vəsiqəsi olmadan ona sənədi verə bilməyəcəklər. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Bu zaman koridorda olan baş həkim Pənah Əliyev söhbətə müdaxilə edib. Mənbə bildirir ki, baş həkim qadını ağır ifadələrlə təhqir edib. Qadın P.Əliyevə cavab qaytarıb və... ortalıq qarışıb. Mənbəmiz deyir: “Onsuz da kifayət qədər kobud və söyüşcül olan Pənah Əliyev qadını hamının gözü qarşısında döyməyə başlayır. Baş həkimin zərbələrindən huşunu itirən qadın yerə yıxılır. Həkimlər onu Pənah Əliyevin əlindən zorla alırlar və ilkin tibbi yardım göstərdikdən sonra evinə yola salırlar.” 
 
Mənbə iddia edir ki, səhəri gün həmin qadının əri və qardaşı poliklinikaya gələrək baş həkimlə görüşmək istəyiblər: “Özlərini xəstə kimi təqdim edən hər iki şəxs Pənah Əliyevin kabinetinə daxil olan kimi qapını arxadan bağlayaraq onu  möhkəm döyüblər. Personal qapını güc-bəla ilə açaraq baş həkimi onların əlindən zorla ala bilib”.
 
Məlumatı verən mənbə daha sonra bildirir ki, bu xəbər Səhiyyə Nazirliyinə çatan kimi baş həkimlə bağlı sərt tədbir görülüb. Səhiyyə naziri Oqtay Şirəliyev vətəndaşla, xüsusilə də qadın xəstə ilə bu cür davranan baş həkimi dərhal işdən qovub. Xəbəri redaksiyaya çatdıran qaynaq bildirir ki, hazırda P.Əliyev işsizdir. 
 
Xəbərlə bağlı P.Əliyevin mobil nömrəsinə zəng vurub özü ilə də danışdıq. “Yeni Müsavat”dan olduğumuzu bilən kimi “bıyyy, ə, mənim ”Yeni Müsavat"la nə işim ola bilər" - dedi. Ondan bu insidentlə bağlı soruşduqda “sizin başqa işiniz yoxdur, qəzetin başına iş qəhət olub ki, kiminsə dalaşmasını yazsın? Boş söhbətlərdi, kim deyirsə, yalandı” - söyləyərək telefonu qapatdı. 
 
Xatırladaq ki, P.Əliyev Qərbi Azərbaycandandır. Deyilənə görə, o, sabiq səhiyyə naziri Əli İnsanovun yaxın adamlarından olub. Əvvəllər Travmatologiya İnstitutunun direktoru vəzifəsində çalışıb. Ə.İnsanov onu 1 saylı Şəhər Kliniki Xəstəxanasına (“Semaşko”) baş həkimi təyin edib. İnsanov vəzifədən çıxarıldıqdan sonra onu 26 saylı poliklinikaya baş həkim göndəriblər. Onu da xatırladaq ki, P.Əliyev məhkəmədə Ə.İnsanovun üzünə dayanıb. 
İnsidentdə iştirakçılardan olan qadının da ad-soyadını dəqiqləşdirməyə çalışırıq. Həmin qadını təsbit etdikdən sonra onunla müsahibə almağa cəhd göstərəcəyik. 

Google+ WhatsApp ok.ru