Bahalığın 'sentyabr zirvəsi'

Bahalığın 'sentyabr zirvəsi'

«Bizim Yol» qəzetində isə «Ötən ay qiymətlər 12 faiz artıb» sərlövhəli məqalə diqqət çəkir.
 
Yazıda sentyabr ayında ölkədə bahalaşmanın ən yüksək həddə çatdığı vurğulanır.
 
Məqalədə Dövlət Statistika Komitəsinə istinadən deyilir ki, 2016-cı ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10.8 faiz artıb. Ərzaq məhsulları 12.2, qeyri-ərzaq məhsulları 15.6 , əhaliyə göstərilən ödənişli xidmətlər 4.9 faiz bahalaşıb.
 
Müəllif yazır ki, sentyabrda bahalaşma pik həddə çatıb: «Müşahidələrə görə, dolların bahalaşması ilə təkcə idxal məhsulları deyil, yerli məhsullarda da eyni vaxtda qiymət artımı baş verib. Misal üçün, «Azərsun Holdinq»in məhsulu olan şəkərin qiyməti keçən il 78 qəpik idisə, hazırda 1.20 manatdan aşağı deyil. Bu isə ciddi qiymət artımıdır».
 
Yazıda bildirilir ki, duru yağların qiyməti də artmaqdadır. Kərə yağı, toyuq, mal, qoyun əti, meyvə və çərəzlər də bahalaşıb: «Sentyabr ayında əksər ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti sürətlə qalxıb. Komitənin avqust ayında ucuzlaşdığını bildirdiyi məhsullar ceyran belindədir. Misal üçün, bananın qiyməti 1.65-2 manata qədər düşmüşdü. Hazırda yenə 2.85-3 manat arasındadır».

Google+ WhatsApp ok.ru