Bakı aeroportunda yoxlamaların səbəbi nədir?

“Yeni Müsavat” yazır ki, son günlər Heydər Əliyev adına Hava Limanında ilginc “təhlükəsizlik” tədbirləri görülür.

Bakıya gələn hər kəs bir neçə mərhələli yoxlama prosesindən keçirilir. Gömrükçülər yerli-xarici turist arasında fərq qoymadan ölkəyə girən hər kəsi təpədən-dırnağa, kəmərlərinin, ayaqqabılarının içinə qədər yoxlayır. Təyyarədən düşən, evinə gedən sərnişin üçün bu cür həssas yoxlama məntiqli görünmür. Sərnişinin təyyarəyə minmədən öncə bütün yoxlama prosedurlarından keçdiyini nəzərə alanda ikiqat-üçqat, təkrar yoxlamanın hansı səbəbdən yarandığı sual doğurur.

AZAL-ın keçmiş prezidenti Ədalət Əliyev “Yeni Müsavat”a açıqlamasında deyib ki, təhlükəsizlik nöqteyi-nəzərdən yoxlamalar qaçılmazdır. Onun sözlərinə görə, İraqda, Türkiyənin cənub hissəsində olan hadisələr, onun Azərbaycanla bağlılığı kimi detallar təhlükəsizliyi gücləndirməyi vacib edir:

“Həmin yoxlamaları bu cür əsaslandırmaq olar. Amma bunlar etik nöqteyi-nəzərdən mədəni davranışla aparılmalıdır. Təkrar-təkrar yoxlamalar olmamalıdır. Bu prosedur elə peşəkar adamlar tərəfindən aparılmalıdır ki, problem çıxmasın. Bu, siyasi cəhətdən mənfi vəziyyət yaradır”. /

Google+ WhatsApp ok.ru