Bakıda Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edildilər

Bakıda Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edildilər

Bakıda xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları polislə birgə xidmətə cəlb ediliblər.

 
Maide.Az bildirir ki, faktı Trend-ə Daxili Qoşunların Mətbuat Xidmətindən təsdiqləyiblər.
 
Qeyd olunur ki, Bakı və Sumqayıtda həyata keçirilən bu tədbirlər koronavirus infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşların təhlükəsizliyini təmin etmək, məhdudlaşdırma tədbirlərini tam və hərtərəfli yerinə yetirmək, onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədi daşıyır.
 
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 29-da saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilib.
 
Operativ Qərargahın yaydığı məlumata əsasən, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
 
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.
 
Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılır, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.
 
Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılır və evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.
 
Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.

Google+ WhatsApp ok.ru