Bakıda etiraz aksiyası keçirildi

Sakinlər kompensasiyanın verilməməsinə görə şikayət edirlər

Bu gün yanan binanın sakinlərinin bir hissəsi aksiya keçirib.
 
ANS PRESS-in məlumatına görə, Azadlıq prospekti, 200/36 ünvanlı binada yaşayan sakinlərin etiraz etməsinin səbəbi yanan avtomobillərinə və zərər dəyən obyeklərinə görə kompensasiya ödənilnməsi istəmələridir. 
 
Onlar deyir ki, binada yanğın baş verən vaxt 10 avtomobil yararsız hala düşüb. Həmin avtomobillərin qiymətləri də mütəxəssislər tərəfindən müəyyən edilib və dəyən zərərə görə kompensasiya ödənilməsinə qərar verilib. Lakin hazırda onlara ayrılan bu pullar verilmir.
 
Daşdəmirov Zəmanət adlı sakin deyir ki, yanğın zamanı onun binanın həyətində olan obyekti, daha dəqiq internet klubu yararsız hala düşüb: 
 
"Mənim yanan klubum qiymətləndirildi və 15 min manat pul ödənəcəyini dedilər. Lakin aylardır həmin pulu heç kim bizə qaytarmır.Binəqədi rayon İcra Hakimiyyətinə gedirik deyirlər ki, Bakı Şəhər İcra Hakimiyyətinə gedin. Ora da gedirik deyirlər Nazirlər Kabinetinə müraciət edin. Hamı atır bir -birinin üstünə. Əgər həmin məbləğ yaxın günlərdə ödənilməyəcəksə, biz xarici səfiriklərə müraciət edəcəyik",-deyə internet klubu yanan şəxs dedi.
 
Qəribağa Rizvanov da avtomobili yanan 10 sakindən biridir. Onun sözlərinə görə, yanan avtomobili 3500 manat məbləğində qiymətləndirilib: "Sonuncu dəfə Binəqədi Rayon İcra Hakimiyyətində olanda bizə dedilər ki, heç bir məlumatımız yoxdur. Pul ayrılıb, ancaq nə zaman veriləcəyini bilmirik. Bizə məhkəmə orqanlarına şikayət etməyimizi məsləhət bildilər",-deyə Qəribağa Rizvanov dedi.
 
Sakinlər həmçinin böyük aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən yer ayrılmasını istədiklərini də bildirdilər. Növbəti aksiya oktyarb ayının 16-na planlaşdırılıb.
 
Oktyabr ayının 5-də də narazı sakinlər Prezident Aparatının qarşısında aksiya keçiriblər. Onların əsas tələbləri televizor, soyuducu, kondinsioner kimi məişət texnikalarının sakinlərə verilməsi olub.
 
Mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın zamanı 15 nəfər ölmüş, 56 insan xəsarət almışdı. Dünyasını dəyişənlərdən 5-i azyaşlı idi. Binada yanğının baş verməsinə səbəb onun yanğına davamlı olmayan materiallarla üzlənməsi olub.

Google+ WhatsApp ok.ru