Bakıda sosial mənzillər bu rayonlarda tikiləcək - AÇIQLAMA

 
“Sosial binalarda mənzillərin sahələri, ekonom klass kateqoriyasına uyğun olaraq, çox böyük olmayacaq”
 
“Marja” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev bildirib.
 
“VƏTƏNDAŞLAR MÜDDƏTİN SONUNDA MƏNZİLƏ SAHİB OLACAQLAR”
 
O bildirib ki, ölkəmizdə özəl şirkətlər tərəfindən yeni inşa edilmiş binalardakı mənzillərin yaşayış sahələrinin böyük, satış qiymətlərinin isə yüksək olması gəlir səviyyəsi orta və aşağı olan insanlar üçün bu mənzillərin əldə edilməsini məhdudlaşdırır: “Agentliyin əsas məqsədi məhz bu sosial təbəqəni təmsil edən ölkə vətəndaşları, əsasən də gənclər, gənc ailələr üçün yeni tikiləcək binalarda mənzillərin əlyetərliliyinin artırılmasından ibarətdir. İlk növbədə Agentliyin dəstəyi ilə tikiləcək binalarda mənzillərin sahələri, ekonom klass kateqoriyasına uyğun olaraq, çox böyük olmayacaq. Eyni zamanda, bu mənzillər tam təmirli vəziyyətdə vətəndaşlara təqdim ediləcək. Bina fasadlarının dizaynına isə xüsusi diqqət yetiriləcək. Tikiləcək mənzillərin uzunmüddətli aylıq ödəmə şərtləri ilə əldə edilməsinə şərait yaradılacaq. Planlaşdırılır ki, vətəndaşlar ayda yüksək olmayan icarə haqqı səviyyəsində bir məbləğ ödəməklə müddətin sonunda həmin mənzillərə tam sahib olsunlar. Hazırda bu sahədə müvafiq hesablamalar aparılır. Bu gün bəzi ekspertlər güzəştli mənzillərin satış şərtləri və qiymətləri ilə bağlı müəyyən fikirlər söyləyirlər. Lakin qeyd etmək istəyirəm ki, bunların səsləndirilməsi yalnız bütün texniki və iqtisadi göstəricilər üzrə hesablamalar başa çatdıqdan sonra mümkün olacaq”.
 
BİNƏQƏDİ, SURAXANI VƏ QARADAĞDA TORPAQLARA BAXILIB
 
Samir Nuriyev deyib ki, işlərin aparılmasına Agentliyin yaradılmasının ilk günlərindən başlanılıb:
 
“Çoxmənzilli binaların tikintisi işinin təşkili mürəkkəb prosesdir və kompleks yanaşma tələb edir. İşlərin səmərəli qurulması məqsədilə ilk növbədə aidiyyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları ilə görüşlər keçirilir. Eyni zamanda, mənzillərin tikilməsi üçün ayrılacaq torpaq sahələrinin seçilməsi prosesinə başlanıb. İndiyədək Bakının əsasən Binəqədi, Suraxanı və Qaradağ rayonlarında ondan artıq torpaq sahəsinə baxiş keçirilib, onların müxtəlif meyarlar üzrə (ölçüləri, topoqrafiyası, nəqliyyat və digər infrastrukturun mövcudluğu və s.) ilkin qiymətləndirilməsi həyata keçirilib. Bununla yanaşı, artıq Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində də torpaq sahələrinin ayrılması imkanları araşdırılıb, onlara yerində baxış keçirilib”.
 
İŞ YERLƏRİNƏ VƏ KOMMUNİKASİYALARA YAXIN ƏRAZİLƏRƏ ÜSTÜNLÜK VERİLƏCƏK
 
“Ümumiyyətlə, torpaq sahələrinin seçilməsində şəhərsalma baxımından çoxmənzilli binaların tikintisi üçün əlverişli və mövcud iş yerləri mərkəzlərinə yaxın olan, habelə mühəndis kommunikasiyalarının çəkilməsində problemi olmayan ərazilərə üstünlük veriləcək. Seçilmiş torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən “MİDA” MMC-nin sərəncamına verildikdən sonra, dərhal memarlıq-planlaşdırma və layihələndirmə işlərinə başlanılacaq”,- Samir Nuriyev deyib. /
 

Google+ WhatsApp ok.ru