Bakıda su böhranı: problem nə zaman həllini tapacaq?– RƏSMİ AÇIQLAMA

Bakıda su böhranı: problem nə zaman həllini tapacaq?– RƏSMİ AÇIQLAMA

Artıq bir neçə gündür ki, paytaxt Bakının bir çox ərazilərində su ilə bağlı problemlər yaşanır. Sosial şəbəkələrdə yayılan şikayətlərdən belə məlum olur ki, əsasən Bakının Xətai, Binəqədi, Suraxanı, Sabunçu, Xırdalan, Saray qəsəbələrində suyun verilməsində fasilələr yaranıb. Bu isə qızmar yay mövsümündə insanları çətin vəziyyətdə qoyur.
 
 
Bəs paytaxtda baş verən su böhranının səbəbi nədir?
 
Məsələ ilə bağlı “Azərsu” ACS-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Anar Cəbrayıllı “Yeni Müsavat”a açıqlama verib. Qurum əməkdaşı bildirib ki, paytaxtda yaşanan su probleminin səbəbi havaların isti keçməsi və suya olan tələbatın kəskin artmasıdır:
 
“Bakının bəzi ərazilərində su təchizatında qrafiklərin pozulması, rejimlərin dəyişilməsi, təzyiqin aşağı düşməsi və yaxud suyun müəyyən fasilələrlə gəlməsi kimi problemlər yaşanırdı. Bunun əsas səbəbi də istehlakın artmasıdır.
 
Yəni, adətən iyun ayının 1-ci ongünlüyündə bizdə həmişə yay rejiminin ən pik dövrü olur. Çünki insanların bağa köçməsi və bununla da sudan daha çox istifadə olunması, havaların qızması ilə əlaqədar həyət evlərində, Bakı ətrafı bağlarda üzgüçülük hovuzlarının doldurulması həmişə iradi rejimlərdə dalğalanmalara gətirib çıxarırdı.
 
Bu il bu tələbat daha çox oldu, çünki bu il bağ mövsümü daha tez başladı. Əgər əvvəllər iyul ayında bağlarda kirayə evlərə müraciət olunurdusa, artıq may-iyun aylarından bu kimi müraciətlər edilir. Karantin günlərində insanlar əsasən bağ evlərinə axışır. Eyni zamanda paytaxtdan çıxış məhdudiyyəti olduğu üçün insanlar daha çox evdə qalır, gigiyenik baxımdan sudan çox istifadə edir ki, bu da tələbatın 40 faizə qədər artmasına, su rejimində pozuntulara səbəb olub”.
 
Anar Cəbrayıllı qeyd edib ki, bu məsələ şəhərin mərkəzi hissəsindəki su təchizatlarına təsir etməyib: “Əsas ətraf ərazilərdə, xüsusən də Bakının şərq hissəsində, o cümlədən Suraxanı, Sabunçu, Xəzər, Bağlar Massivi, Binəqədinin “Kənd Binəqədi” hissəsində, Abşeronun əsasən Xırdalan, Masazır, Saray hissəsində, Xətainin Köhnə Günəşli hissəsində müəyyən problemlər yaşandı. Artıq bəzilərində bu problemi həll etmişik. Məsələn, Xırdalanda, Suraxanıda, Qaraçuxurda problem demək olar ki, aradan qalxıb”.
 
Anar Cəbrayıllı hazırda su problemi yaşanan ərazilərdən də söz açıb: “Hazırda Sarayın, Masazırın bir hissəsi, Kənd Binəqədi, Gülüstan Yaşayış Massivi, Ramazanov küçəsi, Sabunçu qəsəbəsi, Balaxanının nisbətən yüksək yerdə yerləşən hissəsi, Şüvəlan qəsəbəsinin bir hissəsi, Əmircan və Bülbülənin bir hissəsində hələ də qrafikin pozulması halları var”.
 
Anar Cəbrayıllı qeyd edib ki, paytaxtda yaşanan su böhranını aradan qaldırmaq üçün mənbələrdə su təchizatı maksimal dərəcədə artırılıb, mütəxəssislər tərəfindən rejim tənzimlənmələri işləri həyata keçirilir: “Ötən həftə Nizami rayon ərazisində bəzi yerlərdə günorta saatlarında suyun verilməsini dayandırdıq. Çalışdıq ki, anbar ehtiyatları toplayaq və rejim vaxtlarında hamını su ilə təmin edə bilək. Yaxud da 24 saat suyun verildiyi ərazilərdə gecə saatlarında suyun verilməsini dayandırır və ya azaldırıq ki, anbar ehtiyatlarını toplayaq və gündüz saatlarında isti günlərdə insanları su ilə təmin edək.
 
Ümumiyyətlə isə əməkdaşlarımız daim ərazidə, xətlərin üzərində çalışır, nəzarət edir, anbarları tənzimləyirlər. Beləliklə, əsas hədəfimiz odur ki, hamını su ilə təmin edək və düşünürəm ki, artıq bu həftə ərzində tənzimləmələrimiz tam effektini verəcək”.
 
“Oğuz-Qəbələ-Bakı su kəməri paytaxtın su probleminin neçə faizini həll edə bildi?” sualımıza isə qurum əməkdaşı bu cür cavab verdi:
 
“Bu gün paytaxtımıza verilən suyun 55 faizini Ceyranbatan, 23 faizi Oğuz-Qəbələ-Bakı, 14 faizi Şollar, təxminən 10 faizi də Kürdəmir su kəmərindən gələn su təşkil edir”.

Google+ WhatsApp ok.ru