Bakıda və qəsəbələrdə qaz problemi yaranıb - Səbəb açıqlandı

Bakıda və qəsəbələrdə qaz problemi yaranıb - Səbəb açıqlandı

Bir neçə gündür ki, sosial şəbəkə istifadəçiləri Bakı ətrafı qəsəbələrdə işıq və qaz probleminin olmasından gileylənir.
 
Analoji hadisə Qobu qəsəbəsində də yaşanır.
 
“Qafqazinfo”ya müraciət edən sakinlər dünən nə qaz, nə də ki işığın verildiyini deyib. Şikayətçilərin sözlərinə görə, işıq axşam saatlarında verilsə də, qaz problemi hələ də qalmaqdadır:
“Dəfələrlə qaynar xəttə zəng vurmuşuq. Artıq neçə vaxtdır ki, qazla bağlı problemimiz var. Təzyiq tam aşağıdır. Bununla yanaşı, işığımızı da söndürürlər, çarəsiz qalırıq”.
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev bildirib ki, günorta saatlarına kimi təbii qazla bağlı yaranan problemlər aradan qaldırılacaq:
“Təbii qazın çatışmazlığı ilə bağlı qaynar xəttə müraciət olunan yerlərdə tənzimlənmə işləri aparılır. Günorta saatlarına qədər bu işlər yekunlaşdırılacaq və qazın verilməsində hər hansı bir problem olmayacaq. O cümlədən, Qobu qəsəbəsində də”.
 
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də hazırda iş getdiyini və yaxın günlərdə qəsəbələrdəki problemlərin aradan qaldırılacağını söyləyib:
“Yaxın günlərdə Xırdalan yarımstansiyası istifadəyə veriləcək və ondan sonra bu kimi problemlər aradan qaldırılacaq. Həmin ərazilər bizə “Azərişıq” yaranandan sonra verilib. Xırdalandan başlayaraq bütün kənd və qəsəbələrdə - Hökməlidə, Məmmədidə, Fatmayıda bir neçə yarımstansiyalar tikmişik. Qobuda da problemlər var və diqqətimizdədir. Yaxın zamanlarda həll olunacaq”. /

Google+ WhatsApp ok.ru