Bakıda yük avtomobillərinin hərəkətinə qoyulan məhdudiyyətin vaxtı dəyişdirildi

Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması ilə əlaqədar yük avtomobillərinin hərəkətinə qoyulan məhdudiyyətin vaxtı dəyişdirilib.
 
Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli Protokolunda 09.03.2016-cı il tarixdə müvafiq dəyişikliklər edilib.
 
Dəyişikliklərə əsasən paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:30-dan axşam saat 20:00-dək məhdudlaşdırılıb.
 
Qeyd edək ki, 09.03.2016-cı il tarixinədək məhdudiyyət müddəti mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək olub./
 

Google+ WhatsApp ok.ru